"Yandex” şirkətinə məxsus “Alisa” səsli mobil köməkçi tətbiqində “azərbaycanlılar kimlərdir?” sualına verilən cavabda dezinformasiyanın olması faktı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYT) tərəfindən təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilib. 

NRYT-nın Mətbuat xidmətindən Gazette-yə verilən məlumata görə nazirliyin Elektron Təhlükəsizlik Xidməti məsələni dərhal araşdıraraq,  müvafiq ölçü götürülməsi üçün “Yandex” şirkətinin rəhbərliyinə etiraz məktubu ünvanlayıb. 

Məktubda ölkəmiz və xalqımızla bağlı ətraflı məlumatlar da təqdim edilib.

Qeyd olunan faktla bağlı “Yandex” şirkətinin rəhbərliyi nazirliyə üzrxahlıq məktubu ünvanlayıb və səhvin qısa müddət ərzində düzəldiləcəyi qeyd edilib. Artıq xeyli müddətdir ki, problem aradan qalıdırılıb.

Qeyd edək ki, sistemin smartfonlar üçün hazırladığı səsli proqramda Azərbaycan haqqında sorğuya yanlış məlumat yerləşdirilmişdir. Məlumatda Azərbaycan Respublikası ləzgi, gürcü və erməni torpaqlarında yaradılan qondarma dövlət kimi təqdim olunurdu.