BAKU Azərbaycan
14.03 °C

Prezident İlham Əliyev: “Avropa bizim üçün yeganə bazar deyil”

“Bizim ehtiyatlarımıza gəldikdə, mən konfransda bu haqda danışdım. Təsdiq edilmiş ehtiyatlarımızın həcmi ən azı 2,6 trilyon kubmetr qaz təşkil edir”.

Gazette xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, potensial olaraq biz Avropaya 20 milyard kubmetrdən artıq da qaz ixrac edə bilərik: “Lakın biz anlamalıyıq ki, Avropa bizim üçün yeganə bazar deyil. Biz Türkiyəni İtaliya ilə eyni həcmdə qazla təchiz edirik. İxrac 10 milyard kubmetr təşkil edir və Türkiyə bazarının tələbatı da artmaqdadır. Bazar o qədər böyük olmasa da, biz Gürcüstanı da qazla təchiz edirik. Bizim bu il ümumi ixracımız 22-23 milyard kubmetr təşkil edəcək. Ancaq hasilatı artırmaq üçün yataqlara böyük sərmayə qoyulmalı və texniki imkanlar genişləndirilməlidir. Söhbət təkcə TAP-dan getmir. Biz TANAP-ı genişləndirməliyik. Biz TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirməliyik. Bəli, bunun üçün bizə yeni kəmər tikmək lazım olmayacaq. Bizə yalnız kompressor stansiyalarının istifadəyə verilməsi lazım olacaq. Bu isə sərmayə gözləyir”.