Martın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və ASAN Könüllülük Məktəbinin birgə təşəbüsü ilə reallaşdırılan “Rəqəmsal Hökumət” təşviqat proqramının təqdimat mərasimi keçirilib.

Gazette xəbərinə görə, könüllülük fəaliyyəti vasitəsi ilə rəqəmsal xidmətlər, onların üstünlükləri və istifadə qaydaları haqqında vətəndaşlar məlumatlandırılacaqlar.

Diqqətə çatdırılıb ki, ASAN Könüllülük Məktəbinin “Master 1” pilləsi çərçivəsində könüllülər Bakı və regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərindəki xüsusi köşklərdə, universitetlərdə və digər mərkəzlərdə rəqəmsal xidmətlərin təşviqinə dair əhalinin maarifləndirməsi prosesində bilavasitə iştirak edəcəklər. Həmçinin onlar “ASAN xidmət” mərkəzlərindəki köşklərdə vətəndaşlara mövcud elektron müraciət prosesi haqqında məlumat verəcək və müraciət üçün köməklik göstərəcəklər.

Qeyd olunub ki, əsas hədəflərdən biri könüllülərin fəaliyyəti nəticəsində rəqəmsal xidmətlərdən istifadə və elektron müraciətlərin genişləndirilməsi, Bakı ilə yanaşı digər regionlarda da vətəndaşların rəqəmsal xidmətlər haqqında məlumatlandırılmalarıdır. Bu istiqamətdə könüllülərin intellektual potensiallarından istifadə edərək rəqəmsal xidmətlərin inkişafı prosesinə töhfə vermələri təmin ediləcək.

Proqram iştirakçıları mütəmadi olaraq təlim, seminar, o cümlədən tətbiqi layihələrə cəlb olunacaqlar, onların müxtəlif sahələr üzrə ixtisaslaşmasına şərait yaradılacaq. Dövrün müasir tələblərinə uyğun olaraq könüllülər informasiya və kommunikasiya vasitələrindən düzgün istifadəyə cəlb olunacaqlar. Bundan başqa, beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində fəaliyyət zamanı könüllülər təcrübə toplamaq imkanı əldə edəcəklər.

Mərasimdə rəqəmsal xidmətlərin yaradılması məqsədləri, fəaliyyət istiqamətləri, funksionallıqları ilə bağlı məlumat verilib, “Rəqəmsal Hökumət” təşviqat proqramının vasitəsi ilə innovasiyaların təşviqi və könüllülərin şəxsi inkişafı istiqamətində silsilə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.