Prostat vəzi bəzilərinin düşündüyü kimi təzə kəşf olunmuş bir orqan deyil və min illərdir ki, tibbə, həkimlərə məlumdur. Sadəcə son 20-30 ildə daha çox erkən diaqnozlaşma imkanı əldə olunduğundan (xüsusən ultrasəs müayinəsi sayəsində) və haqqında daha çox danışıldığı üçün yeni kəşf edildiyi barəsində fikir formalaşıb.

Hazırda prostat vəzi şişindən dünyasını dəyişən kişilərin sayı ağciyər xərçəngindən sonra ikinci yerdədir. Son zamanlar həm prostat vəzin adı, həm də onun xəstəlikləri insanlar arasında çox populyardır. Əsas səbəb isə prostat xəstəliklərinin geniş yayılmsı və aktuallığıdır. 

Bütün bunları nəzərə alaraq Gazette "Turan Klinikası"nın androloq-dermatoveneroloq həkimi Şahin Mirzəyevin prostat vəzi haqqında məqaləsini təqdim edir. Məqalədə Ş.Mirzəyev prostat vəzi xəstəliklərinə ümumi nəzər salmaqla bərabər, prostat vəzinin xoşxassəli böyüməsi (hiperplaziyası, adenoması) haqqında məlumat verib.


Prostat vəzi nədir?

Prostat vəzi kişi cinsiyyət üzvlərindən biridir, qarın boşluğunda sidik kisəsinin altında yerləşir və içindən sidik kanalının bir hissəsi keçir. Əsas vəzifəsi prostat şirəsi hasil etməkdir ki, bununla o kişilərin cinsi fəaliyyəti və nəsil artırmasında müstəsna rol oynayır. Bu orqanın xəstəlikləri kişilərdə sidik ifrazının ağır pozulmaları - sidik saxlaya bilməmək, kəskin sidik ləngiməsi, kəskin böyrək çatışmazlığı, habelə cinsi zəiflik (impotensiya, cinsi əlaqə problemləri), kişi sonsuzluğu şəklində özünü göstərir.

Gənc yaşlarda prostat vəzinin xəstəlikləri az rast gəlir və yetkin yaşlardan tamamilə fərqli mahiyyyət daşıyır. Əgər söhbət nisbətən gənc yaşlarda prostat vəzi xəstəliyindən gedirsə, deməli söhbət prostatitlərdən, yəni prostat vəzinin iltihabından gedir.

Əgər söhbət 40 və daha yuxarı, xüsusən 50-dən yuxarı yaşlardan gedirsə, deməli söhbət prostat vəzinin xoşxassəli böyüməsindən ( başqa sözlə adenomasından), çox nadir hallarda isə xərçəngindən gedir. Bununla belə, prostatit yaşlı kişilərdə də nadir xəstəlik deyil. 

Prostatitlər (prostat vəzinin iltihabı) deyildiyi kimi, əsasən gənc yaşlarda rast gəlir və müalicə edilməmiş və ya pis müalicə edilmiş zöhrəvi xəstəliklər - qonoreya (tripper), trixomoniaz, xlamidiya, mikoplazma, ureaplazma kimi infeksiyalar, bəzən də qeyri-zöhrəvi infeksiyalar bunun səbəbi olur. Lakin bakteriyasız prostatitlər də ola bilər (balıqçılarda, dənizçilərdə və s.). Diaqnoz ultrasəs müayinəsi (USM – UZİ) və analizlərin (xüsusən prostat vəzi şirəsinin analizinin) köməyilə qoyulur. Müalicəsi müstəsna olaraq qeyri-cərrahi yolla – yəni dərman preparatları və fizioterapevtik metodlarla aparılır. Yeri gəlmişkən, prostat vəzinin müalicəvi massajı həmişə mübahisəli olub və əksər alimlər bunun zərərinin faydasından çox olduğu fikrindədirlər.

Prostat vəzinin xoşxassəli böyüməsi - adenoması isə yaşla bağlı olan bir prosesdir və 40-dan yuxarı yaşı artan hər bir kişinin nə zamansa  məruz qalacağı bir durumdur. Bunu alimlər arasında “bioloji qocalma”, “kişi klimaksı” adlandıranlar da çoxdur. Yəni, prostat adenoması - kişi orqanizmin qocalmasının bir təzahürüdür. Prostat vəzinin bu böyüməsi - prostat vəzinin başqa səbəbdən deyil, vəzi hüceyrələrinin artması hesabına böyüməsidir. Bu zaman artan hüceyrələr hesabına düyüncüklər əmələ gəlir ki, bunlar illər ərzində  böyüyür və sidik kanalının vəzinin içindən keçən hisəsini sıxaraq sidik ifrazını çətinləşdirir. Prostat vəzinin belə böyüməsi xoşxassəli xarakter daşıyır və metastazlar vermir. Prostat adenomasının əmələ gəlməsində prostatitin adenomaya çevrilməsi, cinsiyyət orqanlarının xəstəliklərinin rolu və cinsi fəallığın yüksək-zəif olması, pis vərdişlərin (siqaretin, alkoqolun ) rolu sübut edilməmişdir! Yalnız irsi – genetik faktorların müəyyən rolu sübut edilmişdir.

 

Prostat vəzi adenomasının əlamətləri – sidik ifrazı pozulmaları, cinsi zəiflik və ağrıdır.

Deyildiyi kimi, prostat vəzi böyüdükdə sidik kanalının vəzinin içindən keçən hisəsini sıxaraq sidik ifrazını əngəlləməyə başlayır və sıxılmanın dərəcəsindən asılı olaraq sidik ifrazının pozulmaları baş verir.

 

Sidik ifrazı pozulmalarına  misal kimi göstərmək olar;

- sidik ifrazının tezləşməsi (bu hal gecələr xəstə üçün daha əziyyətli olur)
- sidik ifrazının çətinləşməsi, bəzən gücənmə ilə olması
- sidik axınının zəifləməsi – müddətin uzanması
-  sidiyin haçalanması, səpilməsi- sidiyin fasilələrlə gəlməsi
- sidiyə getdikdən sonra axma və ya damcılama
- sidiyə tez-tez təcili çağırışlar və saxlamağın  çətinliyi
-  sidiyə getdikdən sonra sidik kisəsində yenə sidik qalması hissi
 - sidik kisəsini tam boşaltmağın mümkün olmaması
- qırıq-qırıq, bəzən gözləyə-gözləyə, bəzən damcı ilə sidik ifrazı
- bəzən sidiyi saxlamaq mümkün olmaması
- gecə sidiyinin artması, gecələr tez-tez sidiyə getmək məcburiyyəti
- sidikdə bəzən qan, yanğı, göynəmə hissi olması
- sidik ifrazının mümkün olmaması (kəskin hal) və s.
- sidik kanalında ağrı, çirk, şirə gəlməsi, ğöynəmə hissi
 
Ağrı sindromu isə prostat  vəzinin adenoması  zamanı həmişə olmur. Lakin bir çox hallarda xəstəliyin müəyyən mərhələsində  adenoma diaqnozundan şübhələnməyə əsas olur. Qasıq və ya qasıqüstü nahiyədə, cinsi üzvlərdə, sidik kanalında ağrı, prostat  vəzinin xoşxassəli böyüməsi zamanı mühüm əlamətlərdəndir.

Prostat  vəzinin adenoması  zamanı vəzinin funksiyaları bu və ya digər dərəcədə zəifləyir. Bu funksiya zəifləməsi prostat vəzinin infeksiyalarla mübarizə rolunun zəifləməsində də özünü göstərir. Adenomaya iltihabi proses də qoşulur ki, bu isə özünü sidik kanalında ağrı, çirk, şirə gəlməsi, göynəmə hissi şəklində göstərə bilər.

Prostat  vəzinin adenoması zamanı cinsi zəiflik bu və ya digər formada mütləqdir. Bu, xəstəliyin ilkin əlaməti kimi rastgəlmə tezliyinə görə sidik ifrazı pozulmalarından sonrakı yeri tutur. Cinsi əlaqənin hər hansı şəkildə pozulması kişinin psixoloji vəziyyətinə sidik ifrazı pozulmalarına nisbətən daha pis təsir edir.

 

Cinsi zəiflik (başqa sözlə erektil disfunksiya) bu zaman bir neçə formada özünü göstərir:

- cinsi əlaqə mümkün olmur – tam impotensiya;

- ereksiya (cinsiyyət üzvünün bərkiməsi) çox zəif olur və cinsi əlaqəni əlin köməyi olmadan başlamaq olmur (manual penetrasiya);

- aspermiya  - cinsi əlaqənin sonunda sperma ifrazı baş vermir;

- Retroqrad eyakulyasiya (axın) – cinsi əlaqənin sonunda sperma geriyə - sidik kisəsinə qayıdır;

- cinsi əlaqənin tez bitməsi – bu zaman cinsi əlaqə 2 dəqiqədən tez bitir;

- cinsi əlaqəyə həvəs olmaması.


Prostat vəzinin adenoması bəzən uzun illər heç bir əlamət olmadan da inkişaf edə bilər. Belə hallarda xəstə birdən-birə kəskin sidik ləngiməsi, kəskin cinsi zəifliklə üzləşə bilər.

 

Adenoma müalicə olunmazsa və ya müalicə uğurlu olmazsa bu ağırlaşmalar ola bilər:

- sidik kanalın tam tutulması (sidik kisəsi dolu qalır, bəzən təcili tədbir lazım gəlir);

- kəskin qanaxma;

- sidik kisəsində sidik daşların əmələ gəlməsi və cərrahi müdaxilə zərurəti;

- börək funksiyaların tam itməsinə kimi aparan xəstəlikləri (həyat üçün təhlükəli) və sidiyin qana keçməsi (uremiya) baş verə bilər;

- vinsi funksiyaların tam itməsi;

- sidiyi saxlaya bilməmək və s.


Prostat vəzinin adenomasının diaqnostikasi.

Xəstənin yaşı, sidik ifrazından xüsusi şikayətləri artıq diaqnozu prostat vəzinin adenoması istiqamətinə yönləndirməyə əsas verir (45-50 və daha yuxarı yaş + sayilan simptomlardan biri və ya bir neçəsi). Prostat vəzinin adenomasının diaqnostikasının qızıl standartı ultrasəs müayinəsidir (USM). Məhz ultrasəs müayinələrinin nəticəsində erkən diaqnostika mümkündür.

USM prostat vəzinin ölçülərini, parenximasının vəziyyətini, daşların, iltihabın olmasısnı, sidik kisəsində nə qədər qalıq sidik qalmasını və s. aşkar etməyə, həmçinin böyrəklərin, sidik axarlarının vəziyyətini aşkar etməyə imkan verir.

Prostatın Spesifik Antigenini - PSA testi 90-cı illərin əvvəlindən bütün dünyada geniş tətbiq olumağa başlamış və özünü tam doğrultmuşdur. PSA testi prostat vəzinin adenomasının xoşxassəli olduğunu, yaxud pis xassəli olma ehtimalıni erkən aşkar etmək üçündür.

Dünyanın urologiya üzrə ən nüfuzlu peşəkar elmi cəmiyyəti olan Amrika Uroloqlar Assosiasiyası hər bir kişinin prostatla bağlı 40 yaşdan sonra ildə 1 dəfədən az olmayaraq ultrasəs müayinəsi və Prostatın Spesifik Antigeninin (PSA) yoxlamasından keçməsini tövsiyə edir. Prostat vəzinin bədxassəli inkişafına şübhə olarsa daha dəqiq onkoloji metodlar vardır. Əgər PSA göstəricisi normadan yüksək olmaqda davam edərsə, o zaman prostat vəzinin biopsiyası – yəni, prostat vəzinin toxumasının müayinəsi vacibdir. 

Bəs xəstədə pis xassəli şiş aşkar olarsa? Vaxtında Prostat vəzi xərçəngi aşkar olunmuş xəstənin yaşamaq şansı (Life expectency) gec aşkar edilmlş prostat vəzinin xoş xassəli şişi olan xəstənin şansından az deyildir.

Sidiyin analizi də prostat vəzinin xoş xassəli şişinin diaqnostikasının mühüm tərkib hissəsidir. Sidikdə qan, zülal, şəkər, irin və digər patologiyaların varlığı və səviyyəsi böyük diaqnostik əhəmiyyət kəsb edir.

​​​​​