1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir.

Gazette-nin məlumatına görə bu günün qeyd olunmasında asas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.

1988-ci ildə təsis edilmiş QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu, ing. AİDS - Acquired Immune Deficiency Syndrome) Günü dünya ölkələri səhiyyə nazirlərinin QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran Sammitindən sonra təsis edilib.

Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya QİÇD-lə Mübarizə Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb. 

Qazanılmış İmmun Çatışmazlığı Sindromu olan xəstəlik insanların İİV (İnsan İmmunçatışmazlıq Virusu, ing. HİV - Human İmmunodeficiency Virus) virusuna yoluxması ilə başlayır. Nəticədə insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur. 

Azərbaycan Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumata görə, Azərbaycanda QİÇS ilk dəfə 1987-ci ildə aşkar edilib.

O vaxtdan cari ilin martın 1-dək rəsmən İİV infeksiyasına yoluxmuş 5798 nəfər qeydə alınıb. Onlardan 4121-i (71,1 faizi) kişilər, 1677-si (28,9 faizi) isə qadınlardır.

Mərkəzdən bildirib ki, bu müddət ərzində 2057 nəfər QİÇS mərhələsinə keçib, 899 virus daşıyıcısı isə dünyasını dəyişib. 

İİV infeksiyasına yoluxanların 45,4 faizi bu virusa narkotik maddələr, 42,5%-i heteroseksual və 2,4%-i homoseksual əlaqələr vasitəsilə və 1,8%-i anadan uşağa keçməklə yaxalanıb. Bundan başqa, 8%-in yoluxma səbəbi müəyyən olunmayıb.

Qeyd edilib ki, İİV infeksiyasına yoluxma halları əsasən narkotik maddələrin inyeksiyası zamanı baş verir.