Epilepsiya qədim tarixə malik və indiyə qədər tam müalicəsi tapılmayan xəstəliklərdən biridir. Onun yeganə və əsas əlaməti təkrarlanan epileptik tutmalardır. Xəstəlik zamanı beyin qabığının müəyyən sahəsində- epileptogen ocaqda neyronlar sinxron şəkildə oyanır. Epilepsiya eyni zamanda dünyada ən çox yayılmış nevroloji xəstəliklərdəndir.

Gazette xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 2,5 milyon nəfərdə epilepsiya xəstəliyi aşkar edilir. Problemin aktuallığına diqqət çəkmək məqsədi ilə 2008-ci ildən etibarən martın 26-sı dünyada Epilepsiya Xəstələri Günü və ya Bənövşəyi Gün kimi qeyd olunur. Bu tarixdə məlumatlandırıcı, xeyriyyəçilik, humanitar tədbirlər keçirilir, hər kəs epilepsiyalı insanlara öz dəstəyini ifadə etmək imkanı əldə edir.

Beyinin xroniki xəstəliyi olan epilepsiya bütün bədəndə və ya bədənin hansısa hissəsində qısamüddətli, təkrik olunmamış qıcolmalar şəklində meydana çıxır. Müxtəlif ölkələrdə əhalinin hər 100 min nəfəri arasında 20-53, inkişaf etməkdə olan ölkələrdə 100-190 epilepsiyaya tutulma halına rast gəlinir. Hazırda dünyada 50 milyondan çox insan epilepsiyadan əziyyət çəkir.