Prezident İlham Əliyev ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirmək məqsədi ilə Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.

Gazette xəbər verir ki, Fərmana əsasən Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxs statusuna malikdir.

Fərmanda eyni zamanda Prezident Aparatına, Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.