Martın 15-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

Gazette xəbər verir ki, iclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bu gün Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında həyata keçirilən dinamik dəyişikliklər bu gün Milli Məclisə təqdim edilən hesabatda dəqiq və dolğun ifadəsini tapıb.

Sədr diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır. Həmişə olduğu kimi, ötən il Milli Məclisdə hesabatın müzakirəsi zamanı irəli sürülmüş təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb. Milli Məclisin deputatlarının təkliflərinin icra vəziyyəti ilə bağlı görülmüş işlərə dair ətraflı məlumat bizə təqdim edilib.

Sonra Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyətinə dair hesabatla çıxış edib.

Baş nazirin çıxışı bitdikdən sonra deputatlar hökumətin hesabatına münasibət bildiriblər. Milli Məclis sədrinin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, deputatlar Elçin Quliyev, Elmira Axundova, Fəzail Ağamalı, Arif Rəhimzadə, Siyavuş Novruzov, Fərəc Quliyev, Əli Hüseynli, Əli Məsimli, Tahir Mirkişili, Musa Qasımlı, Kamilə Əliyeva, Rəşad Mahmudov, Jalə Əliyeva, Ağalar Vəliyev, Tahir Kərimli, İsa Həbibbəyli, Şahin İsmayılov, Cavid Osmanov, Tahir Rzayev, Eldar Quliyev, Çingiz Qənizadə qeyd ediblər ki, hesabatda və Baş nazirin bununla bağlı çıxışında hökumətin fəaliyyəti hərtərəfli və əhatəli təqdim olunub. Hökumətin fəaliyyəti yüksək dəyərləndirib. Deputatlar, həmçinin qeyd və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.

Daha sonra Baş nazir Novruz Məmmədov çıxış edərək deyib ki, bizim yolumuz Azərbaycan dövlətçiliyinin əbədi olmasıdır. Bu da bizim üçün ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Biz bu yolla getməliyik. Azərbaycanın inkişafı, vətəndaşların rifahının yüksək səviyyəyə qaldırılması əsas məqsədimiz olmalıdır. Düşünürəm ki, bizim hamımız, bütün təsisatlar buna nail olmaq üçün daha səylə çalışmalıdırlar.

Siz çox maraqlı, faydalı təkliflər verdiniz. Bu təkliflərin bir çoxu ilə bağlı artıq iş görülür. Siz görülən işlərlə bağlı vaxtaşırı məlumat alacaqsınız. Bilirsiniz ki, Prezident İlham Əliyev ilin əvvəlindən bəri vətəndaşları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı çox mühüm fərmanlar və sərəncamlar imzalayıb. Siz də çıxışlarınızda bu yöndə bir sıra təkliflər verdiniz. Əlbəttə sizin təklifləriniz də nəzərə alınacaq. Məlumdur ki, Azərbaycanın sürətli inkişaf yolu ilə irəliləməsində Milli Məclisin də böyük rolu vardır. Sizə uğurlar arzu edirəm.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq məqbul hesab edilib.