Qara dənizin Samsun sahillərində “Volgo-Balt 214” gəmisinin qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşı - gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlunun cənazəsi bu gecə “Türk Hava Yolları” aviaşirkətinin təyyarəsi ilə ölkəmizə göndəriləcək.

Gazette xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayev bildirib ki, cənazənin göndərilməsi “Volgo-Balt 214” gəmisinin məxsus olduğu şirkət tərəfindən həyata keçirilir.

Hadisə ilə bağlı diplomatik nümayəndəliyimizdə yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.

Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun cənazəsinin tapılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Qəza baş verən ərazidə helikopter və gəmilərin iştirakı ilə axtarış işləri davam etdirilir.

Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgo-Balt 214” gəmisi qəzaya uğrayıb. 

Gəminin ekipaj üzvlərindən 11-i Ukrayna, ikisi isə Azərbaycan vətəndaşı olub.

İkiyə parçalanan gəmidə 4 nəfər ukraynalı və gəmi kapitanının baş köməkçisi Azərbaycan vətəndaşı İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti sudan çıxarılıb. Digər azərbaycanlının axtarışları isə davam etdirilir.

Mənbə: Azərtac