Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” ilə tanış olublar.

Gazette xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verdi.

Bildirildi ki, builki sərgidə 20 ölkədən 230 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunur.

Prezident İlham Əliyevə nazirliyin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə məlumat verilib.

Sonra Prezident İlham Əliyev məşhur futbolçu, fransız Robert Pireslə görüşüb. Pires 1998-ci ildə dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olub. “Arsenal” komandasının liderlərindən olan Pires, həmçinin İngiltərə kubokunun qalibi və İngiltərə çempionudur. FIFA-nın 2000-ci il reytinqinə görə, o, dünyanın ən yaxşı 100 futbolçusundan biri olub. O, həmçinin gələn il Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalının səfiridir.