Prezident İlham Əliyev dövlət dilinin saflığının qorunmasını Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir.

Gazette-nin məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə həsr olunmuş konfransda deyib.

Ə. Həsənov qeyd edib ki, hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərməlidir: “Azərbaycan dili əsas dövlət atributlarımızdan biridir. Ana dilimiz azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun siyasi və sosial-mədəni dayağıdır. Əvvəla ona görə ki, Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsi və onların mənəvi doğmalığının əsasıdır. Bu dil nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar. İkincisi, dövlət dili rəngarəng etnik və konfessional tərkibə malik müstəqil Azərbaycanın bütün vətəndaşlarının ürəkdən qəbul etdiyi və birləşdirici rol oynayan nadir mədəni-sosial fenomendir. Başqa sözlə, dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, yəni azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir”.

PA rəsmisi əlavə edib ki, ölkə başçısı dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsi və saflığının qorunmasını hazırda Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir: “Müasir dövrdə geniş vüsət alan qloballaşma prosesinin dövlət dilinin istifadə sahəsindən də yan keçmədiyini, fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemlərinin, texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsinin, maneəsiz informasiya mübadiləsi imkanlarının artmasının dövlət dilini zənginləşdirməklə yanaşı, mənfi təsirlərə də məruz qoyur. Bu hallar həm cəmiyyətdə, həm də onun güzgüsü olan mətbuatda özünü qabarıq büruzə verir. Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncam imzalayıb”.

O bildirib ki, aidiyyəti qurumlar, o cümlədən dövlət orqanları, akademik dairələr dilimizdə yad təsirlərə qarşı ciddi mübarizə aparmırlar: "Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir".

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi də həmin sərəncamda xüsusi qeyd olunub: "Təəssüf ki, hələ 2012-ci ildə imzalanmış Prezident sərəncamında sadalanan nöqsanlar bu gün də tam aradan qaldırılmayıb. Ona görə də cənab Prezident dövlət dilinin istifadə dairəsinin genişləndirilməsi və saflığının qorunması sahəsində mövcud olan problemlərin mütəmadi olaraq öyrənilməsi, monitorinqinin aparılması və aradan qaldırılması məqsədilə 1 noyabr 2018-ci ildə yeni bir fərman imzaladı. Artıq müəyyən monitorinq aparılıb və düşünürəm ki, mütəxəssislərin iştirakı ilə monitorinqin nəticələri peşəkarcasına təhlil edilərək lazımi nəticələr çıxarılacaq”.