"Ümumiyyətlə, Azərbaycanda insan haqları, o cümlədən qadın hüquqları, eləcə də söz azadlığı ilə bağlı problemlərin qabardılmasının arxasında təəssüf ki, həqiqətən bu sahədə böyük irəliləyişlərin olmasını istəyənlər yox, əksinə bunu arzulamayanlar dayanırlar."

Gazette xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev "Kaspi" qəzetinə müsahibəsində bildirib.

Sahib Alıyevin sözlərinə görə, bu qəbildən çıxış edənlər Ermənistanın Azərbaycana qarşı apardığı hibrid savaşında bir vasitəçi olaraq iştirak edirlər. 

"Hazırda Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğal altında saxlaması üçün nə hərbi, nə iqtisadi resursu, nə də siyasi resursu var. Artıq demək olar ki, geosiyasi resursu da tükənmək üzrədir. Onların əllərində bir tutacaqları qalır və çalışırlar göstərsinlər ki, Azərbaycanda anti-demokratik bir hakimiyyət mövcuddur, söz azadlığı yoxdur, insan haqları və qadın haqları pozulur və sair. Guya separatçı rejim və yaxud da Ermənistanın özündə çox demokratik əhval-ruhiyyə var və onlar belə qondarma səbəblərdən Azərbaycanın tərkibində yaşaya bilməzlər. Təbii ki, bəlli çevrələrin apardığı bütün bu "demokratiya oyunları”nın arxasında həm də bu məsələnin dayandığı heç kimə sirr deyil", - deyə deputat vurğulayıb.

S. Alıyev Azərbaycanda bəzilərinin bilərəkdən bu kimi oyunlara qoşulduğunu bildirib.

"Bəziləri isə bilməyərəkdən bu oyunlara alət olurlar. Təsəvvür edin ki, qadın haqları ilə bağlı çıxıb qışqıranların arasında bizim Milli Qəhrəmanımız, şəhidimiz Mübariz İbrahimovu "qatil” adlandıran birisi də var. Artıq bu faktın özü çox şey deyir, yəni bu aksiyada iştirak edənlərin kimliyi və hansı məqsədlə bağlı keçirilməsi açıq-aydın məlum olur.

Qadın hüquqları məsələsinə gəlincə, düşünürəm ki, Azərbaycan bu məsələdə Qərbin bir çox ölkələrinə 100 il əvvəl də örnək idi, indi də. Hələ 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti qadınlara ilk seçki hüququnu tanıyıb. Hesab edirəm ki, indi də örnək nümunələr az deyil. Çünki dünyada nə baş verdiyini onlayn rejimdə izləmək olur və ona görə də, hər kəsə hər şey çox yaxşı bəllidir”.