Hazırda dünyanın diqqəti Venesualaya yönəlib. Neftlə zəngin Cənubi Amerika ölkəsində baş verən prosesləri Türkiyənin "Bahçeşehir Universiteti"nin məzunu Günel Musayeva iqtisadi baxımdan təhlil edib. Gazette təhlil yazını diqqətinizə çatdırır.

Venesuelada nə baş verir? Oyuna gətirilmək, yoxsa əkdiyini biçmək? Ya da ağıllı kişi qışın qeydinə yaydan qalar?...

Başlanğıc üçün qeyd edim ki, keçən il müəllimim Deniz Gökçe ilə kriptovalyutaların istifadəsi ilə əlaqəli mübahisəmiz zamanı söhbətin Venesuelaya gəlməsi ilə bu ölkəni daha dərindən araşdırmağa başladım. Deniz müəllim Türkiyədə uzun illərdir Venesuelanı araşdıran iqtisadi ekspertlərdən biridir. Venesuela və kriptovalyuta məsələsi isə o dönəmdə ölkə prezidentinin ABŞ tərəfindən qoyulmuş embarqonu qıra bilmək üçün nefti dünya bazarında Petro adlandırdığı kriptovalyuta ilə satacağını bildirməsi ilə bağlıdır.

Venesuelanın dünyanın diqqət mərkəzinə bu qədər qabarıq şəkildə gəlməsi isə BMT Təhlükəsizlik Şurasının ABŞ-ın istəyiylə Venesuela böhranını müzakirə etmək üçün toplanmasına görədir. Çünki ABŞ Xarici İşlər naziri Mike Pompeo üzv olan ölkələri Venesuela müxalifət lideri və parlament sədri Juan Guaidonu keçici ölkə başçısı olaraq tanımaq və demokratik keçid prosesi üçün dəstək verməyə səslədi. Bunun ardından Rusiya və Çin kimi Venesuelaya müttəfiq olan ölkələr ABŞ-ın bu çağırışını utanmaz və aqressiv hərəkət olaraq qiymətləndirdilər (Qeyd edim ki, 2017-ci ildə xarici dövlət borcu absurd həddə çatan Venesuela liderinin rekonstruksiya planını dəstəkləyən ölkələr də Rusiya və Çin olmuşdu). Digər tərəfdən Fransa, İspaniya, Almaniya və İngiltərə kimi ölkələr Maduroya 8 günlük vaxt verərək yenidən seçim etməsini, ya da müxalifət liderini dövlət başçısı kimi tanıyacaqlarını bildirdilər. Ümumi olaraq Kuba, Boliviya, Türkiyə, Rusiya, Çin, İran ve Meksika kimi ölkələr Maduronu dəstəkləyən; ABŞ, Kanada, Braziliya və digər Latın Amerikası ölkələri və Avropa Birliyi və İngiltərə kimi ölkələr isə müxalifət liderini dəstəkləyib yeni seçki tələb edən ölkələrdir.

İndi deyə bilərsiniz ki, ABŞ və ya digər ölkələrin bu mövqeyi nə qədər effektivdir? ABŞ embarqo və başqa ticari sanksiyalar qoymuş olsa da, hələ də neft ehtiyacının 10%-ini Venesueladan alır. Digər tərəfdən baxıldıqda isə ABŞ Venesuelanın ən böyük müştərisidir. Ancaq son məlumatlara görə, ABŞ neft qarşılığında edəcəyi ödəməni Maduroya deyil, müxalifət liderinə ödəyəcəyini bildirib. Yəni effekt kifayət qədər müşahidə ediləcəkdir.

Bəs Venesuelanın hazırki vəziyyəti iqtisadi baxımdan necədir və bu hala gəlməsinin səbəbləri nədir?

Venesuela dünyanın ən zəngin neft yataqlarına sahib ölkəsidir. 2016-cı il sonuna verilən statistikaya əsasən xam neft ehtiyatının 301 milyard barellik hissəsi Venesueladadır. Bu rəqəm Səudiyyə Ərəbistanı (266,5) və Kanadadan (171,5) daha yüksəkdir. Venesuela OPEC-in qurucu ölkələrindəndir. Bununla yanaşı sadəcə neft yataqlarına deyil, qaz, qızıl və almaz yataqlarına da sahib olması ilə diqqət cəlb edir.

Venesuela 1811-ci ildə İspaniya müstəmləkəsindən qurtulduqdan sonra Ekvador, Yeni Qranada və Kolumbiya ilə birlikdə qurduqları Böyük Kolumbiyanın 1830-cu ilədək bir parçası olub. Ölkə başçıları olaraq əsas maraq doğuran iki şəxs var. İlki, Hugo Chavez 1998-ci ildə 56% səs çoxluğu ilə prezident seçilib və 2013-cü ilədək dövlət başçısı olub. Əslində 2002-ci ildə iqtidardan çevriliş yolu ilə endirilsə də, 2 gün sonra yenidən dövlətin başına gəlib və 2013-cü ilədək (xərçəng xəstəliyindən vəfat edənədək) ölkəni idarə edib.

2000-ci ildə olan çevriliş cəhdi xarici investorlar üçün böyük təşviş yaratmış və ölkənin qeyri-stabil vəziyyəti və iqtisadi idarəetmə metodologiyası inam yaratmadığından xaricdən birbaşa və ya dolayı investisiya miqdarında ciddi azalma müşahidə olunub. Nəticə olaraq ölkədə sabit valyuta rejiminə keçilərək milli valyutanın qorunmasına çalışılsa da, neft gəlirləri üzərində qurulan iqtisadiyyat neft qiymətlərindəki dəyişikliklərə qarşı çox həssas reaksiyalar verib və dəfələrlə müşahidə olunan devalvasiyanın nəticəsi kimi inflasiya dəyərlərində böyük artış müşahidə olunub. 2013-cü ildə Chavezin ölümündən sonra isə bizim Deniz müəllimin “avtobus şoferi prezident seçiləndə nə olacaqdı ki” deyib əsəbləşdiyi Nicolas Maduro səs çoxluğu ilə prezident seçilib.

Venesuelanın bu hala gəlməsinə səbəb olaraq bəzi ekspertlər Venesueladaki böhranın səriştəsiz və populist iqtisadi addımlar atan prezidentdən qaynaqlandığını, digər bir qrup isə ABŞ-ın Venesuelaya tətbiq etdiyi sanksiyalarla neft zəngini bu ölkəni batırmaq istəməsini vurğulayır. Detalları vurğulayıb qərarı özünüzün verməniz gərəkdiyini düşünürəm.

Deməli, Chavez seçildiyi gündən etibarən xalqın sevgisini qazanmaq üçün bir çox addımlar atdı ki, bunları bir çox ekspert populist və təməli boş olan addımlar kimi dəyərləndirirlər. Chavez yerli yoxsul xalqın vəziyyətinin yaxşılaşması üçün bir çox layihələri həyata keçirə bilmək məqsədilə Milli İnkişaf Fondu yaratdı. Bununla, bir çox sosial xidmətlər pulsuz şəkildə təmin edilirdi. “Missiya” adı verilən bu sosial yardım layihəsi ilə ölkənin yoxul insanlarının təhsil, səhiyyə və sosial müdafiə ehtiyaclarının təmin olunmasında irəliləyişlər müşahidə edildi, ancaq bu, o dövrün yüksək neft gəlirləri ilə mümkün olmuşdu. Əslində, müxalifət bu fondu “Rüşvət Fondu” adlandırırdı, çünki toplanan vəsaitin gözlə görünən bir neçə sahə xaricində ölkə prezidenti və onun əhatəsindəki insanların cibinə getdiyini bildirirdilər. İndiki halda ölkənin bir çox bölgəsində suvarma üçün su yetərsizliyi olduğunu, bir çox kənd və şəhərətrafı ərazilərdə elektrikin, xəstəxanalarda cərrahi avadanlıqlar və dərmanların yetərincə olmamasını, bir il ərzində 3 milyona yaxın insanın ölkədən çixmasını göz önünə aldığımızda müxalifətin haqsız olmadığını görə bilərik.

Ölkənin bütün iqtisadiyyatı demək olar ki, neft sektoruna bağlı olaraq qaldı. Yerli istehsalçıların özlərini inkişaf etdirməsi üçün heç bir şərait yaradılmadı. Digər tərəfdən Chavezdən sonra ölkəni idarə edən Maduro da istehsalçılara sahib çıxmadı və tavan qiymət (price ceiling) həyata keçirərək istehsalçılara başqa bir zərbə vurdu. Ölkədə ixrac gəlirlərinin 95%-i, ümumi daxili məhsulun (GDP) isə 55%-i neft gəlirlərinə bağlıdır. Neft gəlirləri hesabına durmadan hər şeyi idxal edən bir ölkəyə çevrildi Venesuela. Öncələr adambaşına düşən milli gəlir artdı (2010), lakin sonradan yəni neftin qiymətinin 100 dollar çevrəsindən 30 dollar çevrəsinə düşdüyü zaman neft gəlirlərinə bağlı olan iqtisadiyyatın böhranla qarşılaşması qaçınılmaz oldu. Bu, əslində iqtisadiyyatda “Dutch Disease” yəni Hollandiya Sindromu adlandırılır. Yəni iqtisadiyyat spesifik təbii qaynaqların xam şəkildə ixracından ibarətdir və ona görə də, bu məhsulların dünya bazarındakı qiymət və həcmindəki dəyişikliklər ölkə iqtisadiyyatına birbaşa ciddi şəkildə təsir edir.

Vurğulamaq istədiyim bəzi rəqəmsal dəyərlər var. "Economist" jurnalının noyabr ayı (2018) üçün verdiyi məlumata istinadən Venesuelanın xarici borcu 105 milyard dollar dəyərindədir və sadəcə 10 milyard dollar dəyərində xarici valyuta ehtiyatı var. CSIS (Statejik Beynəlxalq Əlaqələr Mərkəzi) datasına görə isə, 2018-ci ildə günlük olaraq 3,000 şəxs, il sonuna 1 milyon olmaqla Kolumbiyaya; 2,000 şəxs, il sonuna isə 700,000 olmaqla Ekvadora immiqrasiya edərək ölkədən çıxıb. Venesuelanın satınalma paritesi 2015-ci ildə 17,300 dollar, 2016-da 14,400 dollar, 2017-də isə 12,500 dollara düşüb. Böyümənin də 2015-ci ildə 6.2%, 2016-cı ildə 18% və 2017-ci ildə müvafiq olaraq 7.4% kiçildiyini görürük.

screen shot 2019-01-27 at 14.25.55

2010-cu ildə 27.2% olan inflyasiya 2017-ci ildə 1,133% olub, indi isə inflyasiya 1,000,000%-lərlə ifadə edilir.

screen shot 2019-01-27 at 15.57.32

Bu arada, Dünya Bankı və BVF (Beynəlxalq Valyuta Fondu) qeydlərində dəyərlər fərqli qeyd olunub; məs: 2016-cı ildə inflyasiyanı Dünya Bankı və BVF 275% olaraq göstərib. Digər tərəfdən "Forbes" jurnakıjur təqdim etdiyi datada 80,000% inflyasiya dəyəri görürük. Düzdür, inflyasiya dəyərləri fərqlidir və bir çox məhsulu səbətdən çıxararaq fərqli rəqəmləri əldə bilərik. Ancaq yenə də bu, ortada ciddi bir bilgi kirliliyi və datada uyğunsuzluqların olduğu həqiqətini dəyişmir.

screen shot 2019-01-27 at 14.25.27

Ölkə prezidenti Maduro Rusiya və Çindən aldığı rekonstrusiya planına olan dəstəklə 2018-ci ildə 4 dəfə maaş artımı etsə də, hiperinflyasiya səbəbiylə xalqın alıcılıq potensialında heç bir effekt müşahidə edilmədi. "Reuters" jurnalının təqdim etdiyi datada xalqın 90%-i yoxsulluq içində yaşayır. Son bir ildə (2017, sentyabr) ortalama 1 şəxsin 4 kiloqram çəki itirdiyi müşahidə olunub.

Bəs Amerika bu portretə necə daxil oldu?

Deməli, Çavez prezident seçildikdən sonra sosial bir dövlət yaratmaq istədi. Kuba ilə yaxınlıq və dostluq əlaqələri gücləndirildi. Bunlar ABŞ-ı qıcıqlandıran faktorlar olsa da, əsas səbəb Chavezin xam neftin istehsal və ixracında ABŞ-a bağlılığı azaltmaq cəhdi idi. Ancaq 80% neftini ABŞ-a satdığı üçün bu istəyin iqtisadiyyata neqativ təsiri olmadan reallaşması mümkün deyildi. Çin, Hindistan və İranla qurulan stratejik ittifaqlar sayəsində Venesuelanın ixrac bazarı çeşidləndirildi, ancaq yenə də Chavez öldüyündə Venesuelanın ən böyük müştərisi ABŞ olaraq qalırdı. Digər tərəfdən həm Chavez, həm də Maduro ölkədə neft çıxaran xarici şirkətlərə verilən bir çox imtiyazları ləğv etdi, onlara yönəlik yüksək vergiləri qanuniləşdirdi. Bunun nəticəsi olaraq ABŞ-ın iri şirkətləri Venesuelanı tərk etmək məcburiyyətində qaldı. Belə olduqda, ilk öncə 2014-cu ildə ABŞ Venesuela prezidenti Maduronun xalqa mitinq zamanı sərt müdaxiləsini səbəb göstərərək ticarətdə sanksiyalar qoydu. Sonra isə 2017-ci ildə Trump hökuməti Maduro hökumətini tanımadığını bildirdi və Milli Məclisin fəaliyyətinə etdiyi müdaxilə səbəbiylə Venesuelaya yenidən embarqo tətbiq etdi. Belə vəziyyətdə dünya bazarına nefti dollarla çıxara bilməyən Venesuela alternativ olaraq Petro adlandırdığı kriptovalyutanı yaratdı. 1 Petro 60$ dəyərində olacaq şəkildə nəzərdə tutuldu. Ancaq ABŞ bunu qoyulan embarqoya müdaxilə kimi dəyərləndirib, ABŞ vətəndaşlarına alışı qadağan etdi, digər ölkələrə də bunun verilmiş qərarları pozmağa yönəlik cəhd olduğunu bildirən çağırışlar etdi. Yəni onsuz da pis vəziyyətdə olan, çıxış yolu axtaran Venesuelanı yenidən çıxılmaz vəziyyətə soxdu. Son olaraq isə, müxalifət liderini ölkə başçısı olaraq tanıdığını bildirdi.

İndi bütün bu məlumatlara sahib olduqdan sonra böyük ehtimalla ABŞ-ın və ya Avropanın niyə başqa ölkələrə deyil də, mövzu dünyanın ən zəngin xam neft yataqlarına sahib olan ölkəsinə gəlincə demokratiya üçün çağırış etdiyini, yaxud seçilmiş prezidentə qarşı çevrilişi dəstəklədiyini sübhə ilə qarşılayırsınız. Ancaq digər tərəfdən ölkənin bu hala düşməsində rüşvət ilə ölkəni idarə edən liderlərin, ölkədə ciddi sosial təbəqə bərabərsizliyinin yaranmasının, iqtisadiyyatın sağlam bir zəmin üzərində qurulmamasının, sadəcə neft sektorundan əldə edilən gəlirlə “Ver yeyim, ört yatım, gözlə canım çıxmasın” məntiqi ilə idarə edilməsinin heçmi payı yoxdur? Dünyanın bəzi bölgələrində əldə edilən gəlirlər investisiya olaraq texnologiyaya, təhsilə, araşdırmalara, düzgün qanunvericiliyə, sağlam iqtisadi bünövrənin qurulmasına ayrıldığı halda, bəzi bölgələrdə bunun əksidir. Yəni güclü ölkələr ona görə güclüdür ki, gəlirlər xalqın və ölkənin rifahına yönəlir, xüsusi ciblərə deyil. Unutmamaq lazımdır ki, ciddi sosial təbəqə fərqi meydana gəldiyi zaman böhran qaçınılmaz olur. Elə olduqda isə Venesuelada olduğu kimi üst sinifin nümayəndələri çantalarını toplayıb Floridaya, villalarında yaşamağa gedərkən, aşağı sinifin nümayəndələrinin taleyi başqalarının ümidinə buraxılır. Qısacası, vaxtında fərd olaraq hər kəs öz gələcəyinin ipini əlinə almalıdır. Lazım gəldikdə deyil, zamanında hər kəs haqqına sahib çıxmalıdır.

Gunel Musayeva adlı şəxsin şəkli.