"Atamın səhhətində hələlik heç bir irəliləyiş yoxdur".

Gazetta.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Türkiyədəki xəstəxanalardan birində müalicə olunan Xalq artisti Yalçın Rzazadənin oğlu Orxan Rzazadə deyib. Onun sözlərinə görə, atasının müalicəsi davam etdirilir:

"Sistemlər qoşulub, müalicələr öz axarı ilə gedir. Bütün günü həkim nəzarətindədir. Qidalanmasında problemlər var. Bəzən yemək və içməkdən imtina edir. Əməliyyat olunandan sonra da şikayətləri var. Həkimlər deyirlər ki, Yalçın Rzazadə uçuruma gedirdi, biz onu uçuruma düşməkdən xilas etmişik. Sadəcə burada həkimlər əvvəlcədən heç bir məlumat vermirlər. Ona görə də atamın növbəti dəfə əməliyyat olunub-olunmayacağı barədə heç bir məlumatımız yoxdur".

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, bir neçə gün bundan əvvəl müalicə aldığı xəstəxanada əməliyyat olunub.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.