Görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Cahangir oğlu Məlikov 2019-cu il may ayının 9-da ömrünün 86-cı ilində vəfat etmişdir. 

Gazette xəbər verir ki, Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1948–1951-ci illərdə Bakı musiqi texnikumunda oxumuş, 1953–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1951–1952-ci illərdə Şuşa şəhər musiqi məktəbində müəllim kimi başlayan Arif Məlikov 1960-cı illərdən taleyini Azərbaycan Dövlət Konservatoriyası ilə bağlayaraq burada 1966–1968-ci illərdə baş müəllim, 1968–1978-ci illərdə dosent, 1979–1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışmışdır.

Mayın 9-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovla vida mərasimi keçirilib.

Vida mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Qeyd edək ki, mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.