O, çağdaş dünya ədəbiyyatında ən yaxşı siyasi dedektiv yazarlarından biridir. Bunu tanınmış jurnallar, nüfuzlu ədəbiyyatçılar etiraf edir. Onun adı dünyanın bir çox məşhur dedektiv ustalarının adları ilə yanaşı çəkilir. Bu şəxsin yaratdığı əsərlər dünyada 30 milyondan çox tirajla nəşr edilib. 

Yəqin ki, söhbətin bu gün 60 yaşı tamam olan Xalq yazıçısı Çingiz Abdullayevdən getdiyini anladınız. Bəli, o, canlı ensiklopediyadır. Çox nadir hallarda belə şəxsiyyətə rast gəlmək olur. 

Çingiz Abdullayevin 201 kitabı, 3 mindən çox orjinal əsərləri var. Onun əsərləri dünyanın 5 qitəsində - Afrika, Asiya, Avropa, Amerika və Avstraliya - 32 əcnəbi dildə 30 milyondan çox tirajla çap olunub. Mən hələ indiyə kimi Azərbaycanda bu statistik xarakterli məlumata malik olan yazıçıya rast gəlməmişəm. 

Çingiz Abdullayev çıxışlarının birində deyir: "Dante XIII əsrdə "İlahi komediya"nı, Balzak XIX əsrdə "Bəşəri komediya"sını, Ceyms Coys XX əsrdə "Müasir komediya"nı yazıb. Mən isə XXI əsrdə "Kriminal komediya"nı yazdım". 

Xalq yazıçısı eyni zamanda, "Mən inanıram ki, öz kitablarımla insanlara kömək edirəm. Bu doğrudan belədir, bu yazıçının missiyasıdır. Kitab insanları tərbiyə etməlidir, doğru yola aparmalıdır. Dünyada Allahın və İblisin yolu var. Mən insanları inandırıram ki, siz Allahın tərəfində vuruşmalısınız. Yazıçı kömək etməlidir ki, insan Allahı seçsin, İblisi yox", - deyə bildirir.

İlk dəfə onun “Mavi mələklər” əsərini oxuyanda universitetin 3 cü kursunda təhsil alırdım. Əslində dedektiv janrda əsərləri oxumağı heç vaxt sevməmişdim, amma hər kəs Çingiz Abdullayev yaradıcılığından bəhs etdiyi üçün mənə bu dünya şöhrətli yazıçının əsərlərini oxumaq çox maraqlı gəldi.

“Mavi mələklər” əsərini oxuduqdan sonra məndə bu yazıçının digər əsərlərinə olan maraq daha da artırdı və ardınca “Əclafların qanunu”, “Məşhər ayağında”, “Məhəbbət və nifrətin zirvəsi”, “Payız madriqalı” əsərlərini oxudum. Onun ən son oxuduğum şah əsərlərindən biri də “Eramızın əzəlində sui-qəsd” romanı oldu. Hər dəfə də onun əsərlərini oxuduqca Xalq yazıçısının düşüncələrinə və dünya görüşünə heyran qaldım və bu yazıçını daha yaxından tanımaq istədim.

Belə də oldu. Mən Çingiz Abdullayev şəxsiyyəti ilə yaxından tanış oldum və bu insanın xarakterinə, əqidəsinə, vətənpərvərliyinə, dünya görüşünə heyran qaldım. Onun qədər ölkəsini, xalqını istər Vətənində, istərsə də xarici ölkələrdə müdafiə edən ikinci bir yazıçı tanımadım. O, hər zaman beynəlxalq tədbirlərdə ermənilərə qarşı həm diplomatik, həm də intellektual hazırcavablığı ilə mübarizə aparan şəxsiyyətlərdən biri olub. 

Bu yaxınlarda xalq yazıçısının yaradıcılıq gecəsində iştirak etdim. Onun işığına xarici ölkələrdən belə qonaqlar gəlmişdilər. Hər kəs onunla yaxından ünsiyyətdə olmağa can atırdı. Məni bu dəfə də Xalq yazıçısı təəccübləndirdi. Bilirsinizmi niyə?

Çünki 4 saata yaxın oxucuları ilə ünsiyyətdə ayaq üstə dayanıb, bir qurtum su belə içmədən öz yaradıcılığlndan bəhs edən Çingiz Abdullayevin nə qədər yüksək mədəniyyətə sahib olduğuna bir daha heyran qaldım. O, həqiqətən də canlı ensiklopediyadır!!! 

Bu gün dünya şöhrətli yazıçının 60 illik yubleyidir, onun haqqında saatlarla xoş təəssüratlar danışmaq olar. Amma mən bu görkəmli şəxsiyyət haqqında qısaca təbrikimi deyəcəm.

Görkəmli, fəxr olunası yazıçı, millətini vətənində və düyada layiqli təbliğ edən əqidəli şəxsiyyət, etibarlı dost, ad gününüz mübarək olsun. Sizdən daha yeni əsərlər gözləyirik.

Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Vüsalə Məmmədzadə.