Ümumilikdə 576,8 min nəfəri əhatə edən Sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün Prezidentinin təqaüdünün təsis edilməsi də yer alıb.

Gazette xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar görüləcək işlərə dair bu gün keçirdiyi mətbuat konfransında vurğulayıb.

Nazir bildirib ki, Sərəncama uyğun olaraq, sosial müavinətin məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manatdan) 150 manata, II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 81 manatdan) 130 manata, III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 61 manatdan) 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər biri üçün  68 manatdan 80 manata çatdırılması nəzərdə tutulur.

S. Babayev qeyd edib ki, həmçinin sosial müavinətin məbləğinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) üçün 61 manatdan 100 manata,  müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin isə 146 manatdan 300 manata çatdırılması üçün normativ hüquqi aktların layihələri nazirlik tərəfindən hazırlanaraq qeyd olunan müddətdə dövlət başçısına təqdim olunacaq. 25 fevral 2019-cu il tarixli Sərəncam eyni zamanda Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradıb. Belə ki, Sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi də yer alıb.

Onun sözlərinə görə, sənəddə bu məqsədlə, habelə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi üçün də normativ hüquqi aktların layihələrinin on beş gün müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılır.