UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yüksələn bütün klublar bəlli olub 

Gazette xəbər verir ki, 1/8 final mərhələsinin martın 12 və 13-ü tarixlərində keçirilən cavab qarşılaşmalarında daha 4 klub növbəti mərhələyə yüksəlib.

Çərşənbə axşamı baş tutan "Juventus" - "Atletico Madrid" matçında ev sahibləri ilk görüşdə iki topla məğlub olmasına baxmayaraq cavab görüşündə Cristiano Ronaldonun het-triki sayəsində rəqibini məğlub etməyi bacarıb, 3-0.

Günün digər oyununda "Manchester City" "Schalke"ni İngiltərəyə gəlməyə peşman edib. Almaniyada keçirilmiş matçda rəqibinə 2-3 hesabı ilə qalib gələn "şəhərlilər" doğma divarlar arasında rəqibin "daşını daş üstündə" qoymayıb, 7-0.

Çərşənbə keçirilən və mərhələnin ən maraqla gözlənilən "Bayern München" - "Liverpool" matçında sevinən tərəf qonaqlar olub. İlk qarşılaşması qolsuz heç-heçə ilə yekunlaşmış görüşün cavab oyununda İngiltərə təmsilçisi səfərdə 1-3 hesabı ilə qalib gəlib.

1/8 final mərhələsinin son qarşılaşması İspaniyada "Barcelona" ilə "Lyon" arasında keçirilib. Fransada baş tutmuş ilk görüşdə hesab açılmasa da "Nou Camp" stadionunda meydan sahibləri rəqibini darmadağın edib, 5-1.

Başa çatmış görüşlərdən sonra 1/4 final mərhələsinə yüksələn bütün klublar bəlli olub.

Beləliklə, martın 15-də keçiriləcək püşkatma mərasimində "Manchester United", "Ajax", "Porto", "Tottenham", "Juventus", "Barcelona", "Liverpool" və "Manchester City" klubları təmsil olunacaqlar.