Bu ilin ilk tam Ay tutulması hadisəsi yanvarın 21-də baş verib.

Gazette xəbər verir ki, tutulma Bakı vaxtı ilə saat 07:34-də başlayıb və saat 10:51-də başa çatıb. Tam tutulma hadisəsi 1 saat 2 dəqiqə davam edərək 08:41-də başlayıb, 09:43-ə qədər davam edib. Bu halda Ayın işığı təqribən 10000 dəfə azalıb. Tam tutulmanın maksimumu 09:12-yə təsadüf edib.

Tam Ay tutulması hadisəsini Mərkəzi sakit okean, Şimali və Cənubi Amerika, Afrika və Avropanın əksər hissəsinin sakinləri müşahidə edə biliblər. Tutulma hadisəsi demək olar ki, Azərbaycan ərazisində müşahidə olunmayıb.

Tutulma zamanı Ay, Yer və Günəş bir düz xətt üzərində olur və Yer Ayla Günəş arasında olanda Ay tutulması hadisəsi baş verir. Əgər onların mərkəzləri bir düz xətt üzrədirsə, ən uzun tutulma hadisəsi baş verir. 2018-ci il iyul ayının 27-də son 100 ilin ən uzun Ay tutulması hadisəsi baş vermişdi (1 saat 43 dəqiqə).

Tutulma hadisəsi baş verən anda Ay yerə 357344 km məsafədə olacaq və bu məsafə "Super Ay" məsafəsinə çox yaxındır. Ayla Yer arasında minimal məsafə isə 356400 km-ə qədər ola bilir.

2019-cu ilin Ayın Yerə ən çox yaxınlaşması hadisəsi 19 fevralda saat 13:07-də baş verəcək. Bu zaman məsafə 356761 km olacaq.