İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyi uğrunda keçirilmiş təkrar seçkilər "Millət İttifaqı"nın Cümhuriyyət Xalq Partiyasından (CHP) olan namizədi Ekrem İmamoğlunun qələbəsi ilə yekunlaşıb. 

Ekrem İmamoğlu 84,42% seçici aktivliyinin qeydə alındığı seçkilərdə qeyri-rəsmi məlumata görə seçicilərin 54,03%-nin etimadını qazanmağı bacarıb. 

8 milyon 696 min 552 seçicinin verdiyi səslərin təsdiq edildiyi seçkilərdə İstanbul əhalisinin 4 milyon 698 min 782 nəfəri müxalif namizədə səs verib.

Seçkilər bitdikdən sonra açıqlama verən "Cümhur İttifaqı"nın Ədalət və İnkişaf partiyasından olan namizədi Binali Yıldırım seçkilərdə qalib gələm rəqibini təbrik edərək İstanbul üçün görüləcək işlərdə dəstək verməyə hazır olduğunu bildirib.