İyunun 10-da Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimini izləmək məqsədilə Naxçıvan şəhərinə gəlib.

Müdafiə Nazirliyindən Gazette-yə verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Hulusi Akar ilə Naxçıvanda görüşüb.

Türkiyənin Milli Müdafiə nazirinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargah binasının qarşısında rəsmi qarşılanma mərasimi keçirilib.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və ölkələrimizin maraqlarına cavab verdiyini vurğulayıb.

General-polkovnik Z. Həsənov xüsusi qeyd edib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu, regiondakı sabitliyi təmin edən əsas amillərdəndir.

Türkiyəli nazir də öz növbəsində ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin, o cümlədən səmərəli əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib.

Qonaq hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin, hərbi mütəxəssislərinin qarşılıqlı səfərlərinin, görüşlərinin əhəmiyyətindən danışıb.

Tərəflər Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində əldə olunan nəticələri yüksək qiymətləndirərək bu cür təlimlərin vacibliyini vurğulayıblar.

Görüşdə regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hulusi Akar ilə birgə Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan şəhərində yerləşən hərbi hissəsində və Təlim-Tədris Mərkəzində olublar.

Nazirlər şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraiti ilə tanış olub, hərbi hissənin sərəncamında olan yeni silah və hərbi texnikaya, eləcə də bir sıra hərbi infrastruktur obyektlərinə baxış keçiriblər.

Daha sonra Müdafiə nazirləri Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyi ziyarət edib, hərbi təhsil müəssisəsi ilə tanış olublar.

​​​​​​