Rusiya Dağlıq Qarabağ münaqişəsində sülh prosesinin hərtərəfli irəliləməsi üçün yardım göstərilməsinə sadiqdir.

Gazetta.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu gün nisbi sakitlik müşahidə olunur.

M.Zaxarova əlavə edib ki, ATƏT Minsk qrupu həmsədrlərindən biri olaraq Rusiya Dağlıq Qarabağ münaqişəsində sülh prosesinin hərtərəfli irəliləməsi üçün yardım göstərilməsinə sadiqdir.

Qeyd edək ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.