Bu gün Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümüdür.

Gazette xəbər verir ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı şanlı Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli yağların 85-90%-i Azərbaycanın payına düşürdü.

Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarətlə vuruşublar. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepolun, Odessanın, Polşanın, Çexoslovakiyanın və Yuqoslaviyanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak ediblər.