Çinin telekommunikasiya şirkəti "Huawei"in qurucusu və rəhbəri Ren Zhengfei şirkətin iki ildəki zərərini açıqlayıb.

Gazette xəbər verir ki, Zhengfei şirkətin ABŞ-ın tətbiq etdiyi qadağalarla əlaqədar olaraq 2019 və 2020-ci illərdə 30 milyard dollar az qazanc əldə edəcəyini bildirib.

O, ilk öncə ABŞ-ın şirkətə qarşı belə sərt addım atacağını düşünmədiklərini, lakin sonradan bunun təsirinin gözləniləndən də çox olacağını müəyyənləşdirdiklərini qeyd edib.

Ren Zhengfei "Huawei" şirkətinin 2019 və 2020-ci illərdə gəlirinin 100 milyard dollar civarında olacağını və bunun proqnozlaşdırılandan 30 milyard dollar az olduğunu nəzərə çatdırıb. 

Şirkət rəhbəri sanksiya nəticəsində 40% az satış əldə edəcəklərini bildirməklə yanaşı, Çin bazarında getdikcə böyüdüklərini bildirib.

Zhengfei bütün bunlara baxmayaraq şirkətin gələcəyi üçün araşdırma və inkişafına ayrılan xərclərin azaldılmayacağını sözlərinə əlavə edib.

Qeyd edək ki, may ayında ABŞ-ın "Huawei" şirkətini qara siyahıya daxil etdikdən sonra bir sıra iri şirkətlər, o cümlədən "Google" şirkəti Çinin telekommunikasiya nəhəngi ilə əlaqələrinə son qoymuşdular.