Noyabrın 8-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Gazette-yə verilən məlumata görə Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları rəhbər heyətə çatdıran Müdafiə naziri bundan irəli gələn məsələlərin qoşunlarda vaxtında və daha keyfiyyətli icrasını təmin etmək barədə konkret göstəriş verib.
Müdafiə naziri keçiriləcək komanda-qərargah hərb oyunlarında əsas diqqətin ən yeni, o cümlədən kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarəedilməsi və qarşılıqlı fəaliyyətin düzgün təşkilinə yönəldilməsini tapşırıb.

Cəbhə xəttindəki vəziyyətə toxunan general-polkovnik Z.Həsənov qoşunların döyüş qabiliyyətinin, şəxsi heyətin döyüşə hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə, nizam-intizama, döyüş növbətçiliyinin təşkili və aparılmasında sayıqlığının artırılmasına, eləcə də qış mövsümünə hazırlıq işlərinin yekunlaşdırlmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə şəxsi heyəti təbrik edən Müdafiə naziri bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü”, eləcə də andiçmə mərasimlərinin yüksək səviyyədə təşkili ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.