
Zəfərə aparan yol: güclü dövlət, qüdrətli ordu və qətiyyətli siyasi iradə!
Azərbaycan xalqının tarixində 8 Noyabr – Zəfər Günü milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur. Bu möhtəşəm Qələbə yalnız 44 günlük Vətən müharibəsinin nəticəsi deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin məntiqi yekunu idi.
1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət xalqımızın taleyində ağır izlər buraxmış, yüz minlərlə insan doğma yurdlarından didərgin düşmüşdü. İşğal nəticəsində şəhər və kəndlərimiz dağıdılmış, milli-mədəni irsimizə ciddi ziyan vurulmuş, ölkəmizin iqtisadi potensialına böyük zərbə dəymişdi. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan dövləti öz əsas strateji hədəfindən heç vaxt geri çəkilmədi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünün bərpası dövlət siyasətinin başlıca prioritetinə çevrildi. Bu məqsədə nail olmaq üçün ilk növbədə güclü iqtisadiyyatın və müasir ordu quruculuğunun təmin edilməsi istiqamətində ardıcıl addımlar atıldı. Hərbi büdcənin artırılması, müasir silah və texnikanın alınması, hərbi sənaye kompleksinin formalaşdırılması Azərbaycanın müdafiə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi. Xüsusilə yerli hərbi istehsalın inkişafı ölkəmizin müdafiə sənayesində müstəqilliyini gücləndirən mühüm amillərdən biri oldu. Eyni zamanda, Azərbaycanın müxtəlif dövlətlərlə qurduğu iqtisadi və siyasi əlaqələr beynəlxalq mövqelərimizin möhkəmlənməsinə xidmət etdi. Enerji və nəqliyyat layihələri ölkəmizi regionun aparıcı dövlətlərindən birinə çevirdi. Bununla yanaşı, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən hüquqi və siyasi mövqe ardıcıl şəkildə müdafiə edildi. Lakin uzun illər davam edən danışıqların nəticəsiz qalması problemin yalnız diplomatik vasitələrlə həllinin mümkün olmadığını göstərdi. Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən müharibə Azərbaycan əsgərinin döyüş qabiliyyətini, xalqımızın birliyini və dövlətimizin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Şuşanın azad edilməsi isə hərbi əməliyyatların gedişində xüsusi strateji və mənəvi əhəmiyyət daşıyan hadisəyə çevrildi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonlarının qaytarılması ilə ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm mərhələ tamamlandı.
2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror əməliyyatı isə dövlət suverenliyimizin bütün ölkə ərazisində təmin edilməsinə şərait yaratdı. Bütün bunlar sübut etdi ki, güclü dövlətçilik, düşünülmüş strategiya və milli birlik bir araya gəldikdə ən mürəkkəb tarixi problemləri belə həll etmək mümkündür. Zəfər Günü Azərbaycan dövlətinin öz milli maraqlarını qorumaq və gələcəyini müstəqil şəkildə müəyyənləşdirmək qüdrətinin əbədi rəmzidir.
Anarə Mustafayeva
Neftçal rayonu
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





