
Gələn il əhalinin rifahı daha da yüksələcək - Ziyafət Əsgərov
2027-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat vəsait nəzərdə tutulub. Bu, cari ilin göstəricisi ilə müqayisədə 100 milyon manat çoxdur. Həmçinin hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, onların mənzillə təminatı və kirayə kompensasiyalarının ödənilməsi üçün də vəsait ayrılacaq.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini, deputat Ziyafət Əsgərov parlamentin dörd komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputatın sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun inkişafı, investisiya fəallığının artırılması və strateji iqtisadi layihələrin həyata keçirilməsi fonunda ümumi daxili məhsulun artım dinamikasının güclənməsi ölkənin dayanıqlı iqtisadi inkişafının əsas prioritetlərindəndir.
Qeyd olunub ki, 2026-cı ilin yanvar-sentyabr aylarında qeyri-neft-qaz sektorunda ÜDM 2,6 faiz artıb. İqtisadiyyatın ayrı-ayrı sahələrində yaradılmış əlavə dəyərin strukturunda ən yüksək xüsusi çəki sənayeyə aiddir. Bu göstərici sənayedə 34,3 faiz təşkil edir. Kənd təsərrüfatında qeydə alınan 6,6 faizlik göstərici də diqqətəlayiqdir.
Z.Əsgərov bildirib ki, 2027-ci ildə ümumi daxili məhsulun, o cümlədən qeyri-neft ÜDM-in daha yüksək olacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, makroiqtisadi dayanıqlığın gücləndirilməsi, ölkənin hərbi qüdrətinin yüksəldilməsi, dövlət xərclərinin səmərəliliyinin artırılması, qeyri-neft-qaz sektorunun inkişafı və sosial öhdəliklərin maliyyələşdirilməsi büdcə siyasətinin əsas istiqamətləridir.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın davam etdirilməsi əvvəlki illərdə olduğu kimi, qarşıdakı ilin büdcəsində də mühüm prioritetlər sırasındadır.
Deputatın diqqətə çatdırdığına görə, 2027-ci il dövlət büdcəsinin gəlirləri 39,25 milyard manat, xərcləri isə 44,4 milyard manat proqnozlaşdırılır. Xərclərin ötən illə müqayisədə 696,4 milyon manat artırılması dövlət büdcəsi xərclərinin artım tendensiyasının 2027-ci ildə də davam edəcəyini göstərir.
O bildirib ki, sosial yönümlü xərclər büdcənin 44,2 faizini təşkil etməklə ən böyük paya malik olacaq. 2026-cı ilin göstəricisi ilə müqayisədə sosial xərclər 9,2 faiz artacaq.
“Bu da öz növbəsində əhalinin sosial rifahının qorunmasının və yüksəldilməsinin hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərir”, – deyə Z.Əsgərov vurğulayıb.
O qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsində təhsil sahəsi üzrə nəzərdə tutulan vəsaitlər yalnız bu sahənin davamlı maliyyələşdirilməsinə deyil, həm də təhsilin keyfiyyətinin yüksəldilməsinə, əhatəliliyinin genişləndirilməsinə və əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına xidmət edəcək.
Bu baxımdan daha çox uşağın məktəbəqədər təhsilə cəlb edilməsi və peşə təhsilinin inkişafı prioritet istiqamətlər sırasındadır.
Deputatın sözlərinə görə, əhalinin aztəminatlı təbəqələrinə aid olan gənclərin ali təhsil imkanlarının genişləndirilməsi və təhsilin əlçatanlığının artırılması məqsədilə təhsil tələbə kreditlərinin maliyyələşdirilməsi üçün 35 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
O, həmçinin Qarabağ Universitetinin fəaliyyətinə ayrılan vəsaiti, SABAH proqramlarının maliyyə təminatını, ali təhsilin keyfiyyətinin və rəqabətliliyinin artırılmasına yönəlmiş tədbirləri diqqətəlayiq hesab edib.
Z.Əsgərov bildirib ki, elm xərclərinin 2 milyard 257,9 milyon manata çatdırılması və əvvəlki illə müqayisədə 12,4 faiz artırılması elmi tədqiqatların və tətbiqi elmin inkişafı üçün ayrılan resursların genişləndirilməsinə böyük imkanlar yaradır.
Onun fikrincə, əsas məsələ bu vəsaitlərin səmərəli istifadəsinin təmin edilməsi, elmlə təhsilin inteqrasiyasının gücləndirilməsi və əldə olunan nəticələrin ölkənin iqtisadi inkişafına töhfəsinin artırılmasıdır.
Deputat müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklərin, regional münaqişələrin və kiberhücumların təhlükəsizlik çağırışlarını artırdığını bildirib. Belə şəraitdə Azərbaycanın müdafiə potensialının möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
O vurğulayıb ki, müdafiə və milli təhlükəsizlik xərclərinin artırılması, hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi ölkənin təhlükəsizlik ehtiyaclarının qarşılanmasına xidmət edir.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi, Böyük Qayıdışın təmin olunması və həmin ərazilərdə dayanıqlı yaşayış şəraitinin yaradılması dövlət büdcəsinin mühüm istiqamətlərindəndir.
Z.Əsgərov qeyd edib ki, müdafiə və milli təhlükəsizlik xərcləri üçün cari illə müqayisədə 100 milyon manat çox, ümumilikdə 8,8 milyard manat vəsait nəzərdə tutulub.
O bildirib ki, uzunmüddətli xidmət keçmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi, eləcə də kirayədə yaşayan və yaşayış sahəsi olmayan hərbi qulluqçulara kompensasiyaların ödənilməsi üçün ümumilikdə 30 milyon manatadək vəsait ayrılması planlaşdırılır.
“Bu tədbirlər hərbi xidmətin motivasiyasının artırılmasına, müdafiə sahəsində çalışan şəxslərin sosial təminatının gücləndirilməsinə xidmət edəcək”, – deyə deputat bildirib.
Əlavə olaraq, əsaslı xərclər bölməsində müdafiə sahəsinə 4 milyard manat yönəldiləcək.
Z.Əsgərov digər mühüm istiqamət kimi məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarının fəaliyyətinin maliyyələşdirilməsini qeyd edib. Onun sözlərinə görə, bu sahələr üzrə nəzərdə tutulan vəsaitlər qanunun aliliyinin təmin edilməsinə, hüquqi təhlükəsizliyin möhkəmləndirilməsinə, eləcə də vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edir.
Deputat vurğulayıb ki, qarşıdakı ilin dövlət büdcəsi ölkənin əsas inkişaf prioritetlərinin həyata keçirilməsinə, iqtisadi və sosial sahələrdə qarşıya qoyulan hədəflərə çatmağa, əhalinin rifahının yüksəldilməsinə, müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, təhlükəsizliyin etibarlı qorunmasına və gələcək inkişaf üçün əlverişli şəraitin yaradılmasına xidmət edəcək.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





