BAKU Azərbaycan
19.03 °C

Bu gün Azərbaycan millisi Portuqaliya yığmasını qəbul edəcək

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

GAZETTE xəbər verir ki, millimiz A qrupundakı 5-ci oyununda Portuqaliya yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma italiyalı FIFA referisi Marko Quida idarə edəcək. Ona yan xətt hakimləri Filippo Meli, Alessandro Kostanzo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Fabio Mareska yerinə yetirəcək.

Azərbaycan millisi oyuna ciddi itkilərlə çıxacaq. Maksim Medvedev və Rüstəm Əhmədzadə zədə, Anton Krivotsyuk isə cəza səbəbindən matçı buraxacaq. Qonaqlarda isə Kriştiano Ronaldo cəzalı olduğu üçün Bakıya gətirilməyib.

Qeyd edək ki, saat 20:00-da başlayacaq matç “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, millimiz seçmə mərhələdə Portuqaliya qarşı səfərdə keçirdiyi ilk qarşılaşmada 0-1 hesabı ilə məğlub olmuşdu.