
MTK-ların böyük oyunu: Yeni tikililərdəki bu təhlükənin səbəbi nədir?
Yeni inşa edilən çoxmənzilli yaşayış binalarında qeydə alınan elektrik xətlərinin alışması və yanğın hadisələri vətəndaşların can və mal təhlükəsizliyini təhdid edən ən ciddi risklərdən biridir.
Bir neçə gün öncə oxşar hadisə Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki çoxmərtəbəli yaşayış binasında baş verib. Belə ki, “Kosmos Yaşayış Kompleksi”nə aid onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində yanğın baş verib və sakinlər təxliyə edilib. Fövqəladə Hallar Nazirliyinin müvafiq müdaxiləsi nəticəsində yanğının qarşısı vaxtında alınıb.
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Ölkə.az-a açıqlamasında bildirib ki, son illərdə çoxmənzilli binalarda elektrik naqilləri ilə bağlı yaranan problemlər artmaqdadır:
“Maraqlı tərəfi odur ki, köhnə, sovet hökuməti dövründə inşa olunmuş binalarda elektrik xətlərində hər hansı ciddi alışma baş vermir. Bu hallara daha çox yeni inşa olunmuş binalarda rast gəlinir. İl ərzində təxminən 10-15 belə hadisə qeydə alınır”.
Ekspertin fikrincə, sektorda bununla bağlı ciddi risklər mövcuddur: “İlk sual bu hadisələrin səbəbi, ikincisi isə onun qarşısının niyə alınmamasıdır. Sözügedən problemi dərindən təhlil edib bu kimi halların qarşısını almaqla bağlı nə edirik və nə edə bilərik? Öz təcrübəmdən deyə bilərəm ki, bir çox hallarda çoxməzilli binalarda elektrik naqilləri standarta uyğun olmayan şəkildə çəkilir. Adətən daha ucuz məhsullar seçilir. Bəzən isə sözügedən kabellər o qədər keyfiyyətsiz olur ki, müəyyən bir gərginlik altında alışır, yanır və hətta bədbəxt hadisələrə gətirib çıxarırlar. Kütləvi alışmalarda isə bunun qarşısını almaq olduqca çətindir. Nəzərə alsaq ki, naqillər texniki şaxtalarda borularda yerləşirlər, orada qısa qapanma nəticəsində həm yüksək gərginlik olur, həm də yüksək enerji axını yaranır. Eləcə də, yanma nəticəsində əmələ gələn zəhərli buxar, qazlar, tüstülər insan sağlamlığı üçün çox ciddi fəsadlar yaradır”.
597028
E.Azadovun sözlərinə görə, problemin kökündə dayanan ikinci mühüm məsələ çoxmənzilli binaların istismarıdır:
“Faktiki olaraq ölkədə yeni tikili qismində çıxış edən 2700-2800-ə yaxın çoxmənzilli yaşayış binası var. Burada idarəetmə məsələləri qaranlıqdır. Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq tikinti şirkəti binanı tikib qutardıqdan sonra MTK ləğv olunmalı, müştərək cəmiyyət yaradılmalı və həmin kompleksi müştərək cəmiyyət idarə etməlidir. Lakin həmin müştərək cəmiyyətlərin sayı çox azdır. Bir çox yerlərdə isə bu, özbaşına şəkildə idarə olunur. Hətta yaradılan az sayda müştərək cəmiyyəti idarə edən bir çox hallarda müəyyən əlbir olmuş və yaxud burada marağı olan və bundan sui-istifadə edən şəxslər olur”.
Ekspert bildirib ki, digər tərəfdən idarəetmə təşkil olunan hər hansı bir yaşayış kompleksində də ixtisaslaşmış mühəndis, personal olmur:
“Fikrimcə, bu cür ixtisaslaşmış personal demək olar ki, heç yerdə yoxdur. Burada təkcə elektrik xətləri ilə bağlı deyil, su, kommunikasiya xətləri, liftlərlə bağlı da mühəndislər olmalıdır. Bu hallar vətəndaşlar üçün önəmli ölçüdə risk daşıyır və istehlakçı istənilən an buradakı problemlərdən zərər çəkə bilər. Zərər həm sağlamlıq, həm hə maddi baxımdan ola bilər. Buna isə hər hansı nəzarət mexanizmi yoxdur və tam özbaşınalıq hökm sürür. Mənzil tikinti kooperativinin yaxud da müştərək cəmiyyətin sədri hər şeyi idarə edir, istənilən şəxsi işə götürür və işdən çıxarır. Bu sahəyə ciddi nəzarət mexanizminin yaradılmasına ehtiyac var”.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





