BAKU Azərbaycan
21.03 °C

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsində – FOTO

Avqustun 26-da “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab matçına çıxıb.

GAZETTE xəbər verir ki, Şotlandiyada “Aberdin” komandasının qonağı olan Qurban Qurbanovun yetirmələri görüşdən qalib ayrılmağı bacarıblar.

Qarşılaşmaya sürətli başlayan “Qarabağ” Toral Bayramovun 8-ci dəqiqədə vurduğu güclü zərbə ilə hesabı açıb. Matçın 18-ci dəqiqəsində Ağdam təmsilçisi top fərqini ikiyə çatdırıb. Bu dəfə Kadi Borqes rəqib qapıçısını məyus etməyi bacarıb. İlk hissə təmsilçimizin 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Görüşün ikinci hissəsində səhnəyə Kadinin vurduğu qolun ötürməsini edən Abdullah Zubir çıxıb. Fransalı yarımmüdafiəçi Maksim Medvedevin 72-ci dəqiqədə ötürdüyü topu rəqib qapısından ustalıqla keçirib. 

Meydan sahibləri yalnız əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə hesab arasında fərqi azaltmağa müvəffəq olsalar da bu “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsinə yüksəlməsinə maneə olmayıb.

Beləliklə, “Qarabağ” Konfrans Liqasının qrup mərhələsinə yüksəlməklə UEFA-nın təşkil etdiyi hər 3 turnirin (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası) qrup mərhələsində iştirak etməyi bacaran ilk Azərbaycan klubu olub. 

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ” ardıcıl olaraq 8-ci dəfə Avrokubokların qrup mərhələsində iştirak edəcək. Bundan öncə ağdamlılar 1 dəfə Çempionlar Liqasının, 6 dəfə isə Avropa Liqasının qrup mərhələsində iştirak etmək hüququ əldə etmişdilər.