BAKU Azərbaycan
17.03 °C

“Neftçi” və “Qarabağ” Konfrans Liqasında cavab görüşünə çıxacaq

UEFA Avropa Konfrans Liqasında mübarizə aparan “Qarabağ” və “Neftçi” turnirin pley-off mərhələsində cavab oyunlarını keçirəcək.

GAZETTE xəbər verir ki, “Neftçi” İsraildə “Makkabi”nin (Hayfa), “Qarabağ” isə Şotlandiyada “Aberdin”in qonağı olacaq.

Ölkə çempionu “Neftçi”nin rəqibi ilə Bakıda keçirdiyi görüşdə 3:3 hesablı bərabərlik qeydə alındığından komandaların mərhələ adlamaq şansı eyni qiymətləndirilir. Qarşılaşmada qalib gələn tərəf qrup mərhələsinə yüksələcək. Saat 21:00-da başlayacaq və “Sammi Offer” stadionunda keçiriləcək “Makkabi” – “Neftçi” matçını Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi funksiyasını Aleksandar Stavrev yerinə yetirəcək.Ona Dejan Kostadinov və Qoce Petreski kömək edəcək.

Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn “Qarabağ” isə Şotlandiyada bu üstünlüyünü qorumağa çalışacaq. Qurban Qurbanovun komandası son 7 ildə ardıcıl olaraq hər mövsüm avrokubokların qrup mərhələsində çıxış edir. Bir dəfə Çempionlar Liqası, altı dəfə isə Avropa Liqasının qrupunda oynayan “Qarabağ” uğurlu seriyasını davam etdirmək üçün səfərdə “Aberdin”ə məğlub olmamalıdır. Şotlandiyanın “Pittodri” stadionunda baş tutacaq “Aberdin” – Qarabağ” görüşü saat 22:45-də start götürəcək. Qarşılaşmaya Avstriyadan olan hakimlər briqadası təyinat alıb. Matçın baş hakimi Harald Lexner, onun köməkçiləri isə Andreas Haydenrayx, Maksimilian Kolbitç olacaq.

Qeyd edək ki, “Makkabi” – “Neftçi” oyunu CBC Sport, “Aberdin” – “Qarabağ” qarşılaşması isə “İdman TV” vasitəsilə canlı yayımlanacaq.