
"Temu" Avropa İttifaqında bunlardan imtina edəcək
"Temu" elektron ticarət platforması öz fəaliyyətini Avropa İttifaqının (Aİ) istehlakçı hüquqlarının müdafiəsi qaydalarına uyğunlaşdırmağı, o cümlədən saxta endirim və rəylərdən, alışları stimullaşdıran bezdirici metodlardan və oyun elementlərindən imtina etməyi öhdəsinə götürüb.
Gazette.az xəbər verir ki, bu barədə "Report"un Avropa bürosu Avropa Komissiyasına istinadən xəbər verir.
Öhdəliklər platforma tərəfindən Avropa Komissiyası, Belçika, Almaniya və İrlandiyanın səlahiyyətli qurumlarının rəhbərlik etdiyi milli istehlakçı hüquqlarının müdafiəsi orqanları şəbəkəsinin (Consumer Protection Cooperation, CPC) birgə addımlarından sonra qəbul edilib.
Xüsusilə, "Temu" real qiymət endirimləri ilə malların dəyərinin şərti istinad qiyməti ilə müqayisəsini aydın şəkildə fərqləndirərək, endirimlər haqqında məlumatların doğruluğunu təmin etməyi öhdəsinə götürüb. Platforma həmçinin sifariş rəsmiləşdirilməzdən əvvəl tətbiq olunan bütün vergi və rüsumları göstərməlidir.
Şirkət alıcı rəylərinə nəzarəti gücləndirmək, o cümlədən saxta rəylərin dərc olunmazdan əvvəl aşkarlanması üzrə sistemi tətbiq etmək, istifadəçilərə qeyri-səhih qiymətləndirmələr barədə məlumat vermə imkanı yaratmaq və malların reytinqinin formalaşması prinsiplərini izah etmək niyyətindədir.
Bundan əlavə, "Temu" alış-verişə süni təcililik hissi yaradan mesajlardan, məsələn, məhsulun "demək olar ki, tükəndiyi" barədə xəbərdarlıqlardan imtina etməyi, həmçinin istifadəçiləri marketpleysə daxil olmaq üçün oyunlarda iştirak etməyə sövq edən virtual "şans çarxı" da daxil olmaqla, oyun mexanizmlərini ləğv etməyi öhdəsinə götürüb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





