
Elçin Babayevin rektorluq fəaliyyəti hansı uğurlarla yadda qaldı?
Son vaxtlar Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Elçin Babayevlə bağlı ölkə mediasında həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır. Halbuki onun fəaliyyət sferasının hər zaman elm və təhsillə bağlı olduğu, Ulu Öndər Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyev siyasi kursuna sadiqliyi kimsəyə sirr deyil.
Sabiq rektorun ziyalı kimliyi, elmi fəaliyyəti, Azərbaycan təhsilinə verdiyi töhfələr haqqında əsl həqiqəti bilmək üçün bəzi faktlara nəzər salmaq kifayətdir. Unutmayaq ki, insanlar yalan danışa, həqiqəti təhrif edə bilir, amma faktlar əsla.
BDU-da tələbələrin TEKNOFEST kimi nüfuzlu beynəlxalq yarışlarda uğur qazanmasına mühüm töhfə verən rektor
İlk öncə xatırladaq ki, Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elçin Babayev 2019-cu il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunmuşdur. Onun rektorluğu dövründə universitetin idarəetmə sisteminin təkmilləşdirilməsi, tədris prosesinin müasirləşdirilməsi, elmi-tədqiqat fəaliyyətinin inkişafı, maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilmişdir.
2019-cu ildə universitetin 2030-cu ilədək inkişaf konsepsiyasının hazırlanmasına başlanılmış, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi əsas prioritetlər kimi müəyyən edilmişdir. 2021-ci ildə BDU-nun 2021–2030-cu illəri əhatə edən “Universitet-5.0” Strateji İnkişaf Planının qəbul olunması universitetin elm, təhsil, innovasiya, sosial inkişaf və beynəlxalq rəqabətlilik istiqamətlərində inkişafı üçün strateji əsas yaratmışdır.
2017-ci il noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BDU-nun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. 2019-cu il iyunun 12-də universitetin 100 illik yubileyi Parisdə, UNESCO-nun Baş qərargahında, sentyabrın 9-da isə Vyanada, Azərbaycan Mədəniyyət Mərkəzində qeyd edilmişdir. Yubiley tədbiri, həmçinin Rumıniyada Qara Dəniz Universitetləri Assosiasiyasının təşkilatçılığı ilə Buxarest Universitetində keçirilmişdir. 2019-cu ildə yubiley mərasimi Bakı Konqres Mərkəzində dövlət səviyyəsində qeyd olunmuşdur. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmiş və çıxış etmişdir. Çıxışda ölkənin təhsil strategiyası, gənclər siyasəti, milli-mənəvi dəyərlər və beynəlxalq münasibətlərlə bağlı mühüm məsələlərə toxunulmuşdur. Yubiley münasibətilə müxtəlif qurumlarda tədbirlər və müsabiqələr təşkil edilmiş, poçt markaları və yubiley pul nişanı tədavülə buraxılmışdır.
Rektor Elçin Babayevin fəaliyyəti dövründə tələbələrin elmi fəaliyyətə cəlb olunmasına xüsusi diqqət yetirilmişdir. 2020-ci ilin dekabrında yaradılması barədə qərar qəbul edilən BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin 2022-ci ilin iyununda müasir infrastrukturla təchiz edilmiş binasının rəsmi açılışı olmuşdur. Mərkəz tələbələrin nəzəri biliklərini praktikada tətbiq etmələri üçün imkanlar yaratmışdır. Tələbələr üçün yaradılan bu imkanlar nəticəsində BDU komandaları nüfuzlu TEKNOFEST yarışmasında bir neçə il ardıcıl olaraq qalib gəlmişlər.
Daha bir uğur: Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi!
Tələbələrin sosial təminatının və yaşayış şəraitinin yaxşılaşdırılması da universitetin fəaliyyət istiqamətlərindən biri olmuşdur. 2021-ci ildə 220 yerlik, beşmərtəbəli və müasir şəraitə malik “Tələbə evi” istifadəyə verilmişdir. Yataqxana yerli və əcnəbi tələbələr üçün nəzərdə tutulmuş, burada kitabxana-oxu zalı, istirahət və iclas otaqları, eləcə də digər zəruri şərait yaradılmışdır.
Rəqəmsal və informasiya texnologiyaları sahəsində kadr hazırlığına da xüsusi diqqət yetirilmişdir. 2021-ci ildən BDU-da “Code For Future” layihəsinin həyata keçirilməsinə başlanılmışdır. Layihə tələbələrin proqramlaşdırma və müasir informasiya texnologiyaları üzrə biliklərinin artırılmasına, eləcə də əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına xidmət etmişdir. 2025-ci ilin aprelində keçirilən məzun günündə layihənin 2021-ci ildən etibarən davamlı şəkildə həyata keçirildiyi, BDU-nun 515 tələbə və məzununun proqramda iştirak etdiyi, məzunların isə 90 faizdən çoxunun işlə təmin olunduğu bildirilmişdir.
2021-ci ildə Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (Center of Excellence) yaradılmışdır. Təhsil, elm və istehsalat arasında əlaqələrin gücləndirilməsini, elmi nəticələrin kommersiyalaşdırılmasını əsas fəaliyyət prinsipləri kimi müəyyən edən Mərkəz sənaye və istehsalat müəssisələri ilə əməkdaşlığı genişləndirmişdir. Mərkəzin nəzdində sənaye kimyası, biomühəndislik, mikrobiologiya və virusologiya, astrokosmik və atmosfer tədqiqatları, rəqəmsal araşdırmalar, hüceyrə kulturası və genom redaktəsi, materialşünaslıq, bioloji antropologiya istiqamətləri üzrə yeni, sənayeyönümlü elmi-tədqiqat laboratoriyaları yaradılmışdır. Bu laboratoriyaların fəaliyyəti Mərkəzin elmi potensialının gücləndirilməsinə xidmət etmişdir. Neft və qaz sənayesi üzrə kommersiya əsaslı bir sıra layihə müqavilələri imzalanmışdır. 2025-ci il mayın 29-da Mərkəzin nəzdində Materialşünaslıq Elmi-Tədqiqat Laboratoriyası istifadəyə verilmişdir. Laboratoriya müxtəlif materialların struktur və element analizlərinin aparılmasına, kimya və materialşünaslıq sahələrində elmi araşdırmaların genişləndirilməsinə imkan yaradır.
BDU dünya nəhəngləri ilə bir arada...
Rektor Elçin Babayevin fəaliyyəti dövründə BDU-nun beynəlxalq əlaqələri müxtəlif platformalarda genişləndirilmiş və inkişaf etdirilmişdir. Son illərdə BDU ilə Türkiyənin Bilkənt, Ankara, İstanbul, Kafkas və digər universitetləri, İzmir Yüksək Texnologiya İnstitutu, İsrailin Holon Texnologiya İnstitutu və Yerusəlim İbrani Universiteti (HUJI), Çin Xalq Respublikasının Anhui Universiteti və Pekin Kimya Texnologiyası Universiteti, Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti və UBIS Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti, eləcə də L.N. Qumilyov adına Avrasiya Milli Universiteti arasında əməkdaşlıq sazişləri imzalanmışdır. Həmçinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramlarının həyata keçirilməsinə dair müqavilələr bağlanmışdır.
BDU “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, dünya elminin və təhsil sisteminin qabaqcıl nailiyyətlərindən istifadə etməklə əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanması istiqamətində fəaliyyət göstərmişdir. Bu çərçivədə ABŞ, Almaniya, İsrail, İsveç, Qazaxıstan və digər ölkələrin qabaqcıl universitet və institutları ilə bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edən 12 beynəlxalq ikili diplom proqramı həyata keçirilmişdir.
Elçin Babayev 2024-cü il martın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yenidən Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinə təyin olunmuşdur.
Rektor Elçin Babayevin rəhbərliyi dövründə BDU-nun beynəlxalq reytinqlərdəki mövqeyi də möhkəmlənmişdir. Ali təhsil sahəsində dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən tərtib edilən “QS World University Rankings 2027: Top Global Universities” reytinqində BDU 565-ci yerdə qərarlaşmışdır. 2025-ci il fevralın 17-də universitet “QS Stars” beynəlxalq qiymətləndirməsində beş ulduza (“Excellent”) layiq görülmüş, doqquz kateqoriyadan yeddisi üzrə ən yüksək nəticə əldə etmişdir. “Times Higher Education” (THE) təşkilatının açıqladığı “Impact Rankings 2026” reytinqinin nəticələrinə əsasən isə BDU dünya universitetləri arasında ilk 200-lükdə yer almışdır.
BDU ekoloji problemlərin araşdırılması və həllində avanqard təhsil müəssisəsi kimi...
Ekoloji problemlərin araşdırılması və ətraf mühitin mühafizəsi də universitetin fəaliyyət istiqamətlərindən biri olmuşdur. 2024-cü ildə Baş Prokurorluqla əməkdaşlıq çərçivəsində ECOLEAD layihəsi üzrə təşəbbüslər həyata keçirilmiş, ekoloji hüquq pozuntularının araşdırılması və qarşısının alınması məqsədilə Ekoloji Hüquq Klinikası yaradılmışdır. Layihə çərçivəsində hüquqşünasların, ekoloqların, alimlərin və tələbələrin birgə fəaliyyətinin təşviqi nəzərdə tutulmuşdur. Həmin il BDU-nun iki tələbə komandası “Irrigo” və “E-tarım irrigation” layihələri ilə “TEKNOFEST-2024” festivalının final mərhələsinə vəsiqə qazanmışdır.
2024-cü ilin noyabrında COP29 çərçivəsində universitetdə “Eco Məkan” layihəsi istifadəyə verilmişdir. Layihə çərçivəsində günəş panelləri, akvaponika sistemi, bioreaktor və havanın keyfiyyətini ölçən rəqəmsal texnologiyalar tətbiq edilmişdir. 2025-ci il iyunun 23-də isə BDU kampusunda günəş və külək enerjisi hesabına elektrik avtomobillərinin enerji ilə təmin olunmasına imkan verən “EcoEnergy” stansiyası istifadəyə verilmişdir.
Tələbələrin sosial və akademik inkişafına yönəlmiş layihələr 2025-ci ildə də davam etdirilmişdir. Mayın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlıq çərçivəsində “Tələbə məkanı” istifadəyə verilmişdir. Burada tələbələrin müzakirələr aparması, layihələr hazırlaması və asudə vaxtlarını səmərəli keçirməsi üçün şərait yaradılmış, günün 24 saatı fəaliyyət göstərən mini-kitabxana təşkil edilmişdir. Sentyabrın 15-də isə BDU-da Tələbə İnkişaf Mərkəzi açılmışdır. Mərkəzin əsas məqsədi tələbələrin elmi, sosial və şəxsi inkişafını dəstəkləmək, yeni ideyaların müzakirəsinə şərait yaratmaq və onları müxtəlif maraqlar ətrafında bir araya gətirməkdir.
Süni intellekt və rəqəmsallaşma istiqamətində də yeni təşəbbüslər həyata keçirilmişdir. BDU-da Süni intellektin etikası kafedrası yaradılmış, süni intellekt texnologiyalarının məsuliyyətli tətbiqi, onların cəmiyyətə təsiri və müvafiq etik prinsiplərin elmi araşdırılması istiqamətində fəaliyyətə başlanılmışdır. Elçin Babayev 2025-ci ilin iyununda Sinqapurda keçirilən “EduData Summit” tədbirində iştirak etmiş, universitetlərin rəqəmsal transformasiyası, süni intellektin təhsildə tətbiqi və beynəlxalq əməkdaşlıq modelləri barədə çıxış etmişdir.
BDU-nun beynəlxalq akademik əməkdaşlığının miqyası da genişlənmişdir. Universitetin xarici ali təhsil müəssisələri ilə ikili diplom proqramları, akademik mübadilə və birgə elmi tədqiqatlar sahəsində əməkdaşlığı inkişaf etdirilmişdir.
Elçin Babayevin rəhbərliyi dövründə akademik nailiyyətlərin təşviqi və tələbə uğurlarının dəstəklənməsi
Tələbələrin akademik nailiyyətləri rektor Elçin Babayevin uğurlu fəaliyyətinin daim ən yaxşı göstəricisi olmuşdur. 2025-ci ildə BDU-nun 16, 2026-cı ildə isə 15 tələbəsi Prezident təqaüdünə layiq görülmüşdür. Yüksək nəticə göstərən tələbələrin təşviqi məqsədilə 2025-ci ildə BDU Elmi Şurasının qərarı ilə “Birincilik” adlı məqsədli təqaüd təsis edilmişdir. 2025/2026-cı tədris ilindən etibarən bakalavriat səviyyəsinə qəbul zamanı müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplamış abituriyentlər arasından ən yüksək nəticə göstərən tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində təqaüd verilməsinə başlanılmışdır.
Rektor Elçin Babayevin rəhbərliyi ilə müasir əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması istiqamətində ardıcıl iş aparılmışdır. 2026/2027-ci tədris ilində bakalavriat səviyyəsində regionşünaslıq (Afrika üzrə) ixtisası üzrə kadr hazırlığına başlanılmışdır. Eyni tədris ilində magistratura səviyyəsində süni intellekt, kriptologiya, qida kimyası, dərman kimyası, biotibbi materiallar, bioinformatika, dövlət idarəetməsində strateji kommunikasiyalar, beynəlxalq təhlükəsizlik, türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri, ictimaiyyətlə iş, klinik sosial iş və geoekologiya istiqamətlərini əhatə edən 42 yeni ixtisaslaşma yaradılmışdır.
Elçin Babayevin rəhbərliyi dövründə BDU məzunlarının dünyanın nüfuzlu universitetlərində təhsil almaq imkanları da genişlənmişdir. 2026-cı ildə 45 məzun “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı olmuşdur. 2026/2027-ci tədris ili üçün magistratura səviyyəsində xaricdə təhsil almaq hüququ qazanan 353 nəfərdən 40-ı, doktorantura səviyyəsində isə bu hüququ qazanan 22 nəfərdən 5-i BDU məzunu olmuşdur.
Son iki il ərzində universitetdə Mədəni İrsi Araşdırmalar Mərkəzi, Arxeologiya Tədris-Tədqiqat Mərkəzi, Farmakoloji mikrobiologiya beynəlxalq elmi-tədqiqat laboratoriyası, Qabaqcıl Materialşünaslıq Elmi-Tədqiqat və İnkişaf Mərkəzi, Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası, Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası, eləcə də Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi kimi yeni elm və tədris strukturları yaradılmışdır.
2023–2026-cı illərdə BDU-nun 1 və 2 nömrəli tədris korpuslarında əsaslı təmir işləri aparılmış, korpuslar ən müasir avadanlıqlarla təchiz edilərək tələbələrin və müəllimlərin istifadəsinə verilmişdir.
Elçin Babayevin rəhbərliyi dövründə həyata keçirilən tədbirlər universitetin tədris, elmi-tədqiqat, beynəlxalq əməkdaşlıq və tələbə həyatının müxtəlif istiqamətlərini əhatə etmişdir. Onun fəaliyyəti BDU-nun 100 illik yubiley medalı və “Tərəqqi” medalı ilə qiymətləndirilmişdir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





