
Xocalı və Ağdərə rayonlarına daha 170 nəfər qayıtdı
Noyabrın 27-də Xocalı və Ağdərə rayonlarının kəndlərinə növbəti köç prosesi həyata keçirilib. Xocalı şəhərində 49 ailədən ibarət 170 keçmiş məcburi köçkünə yeni mənzillərinin açarları təqdim olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bugünkü köç prosesi çərçivəsində Xocalı rayonunun Xanyurdu kəndinə 9 ailə (32 nəfər), Xanabad kəndinə 8 ailə (33 nəfər), Badara kəndinə 4 ailə (7 nəfər), Ağdərə rayonunun Çıldıran kəndinə 15 ailə (49 nəfər), Vəngli kəndinə 10 ailə (43 nəfər), Kolatağ kəndinə 2 ailə (6 nəfər), Heyvalı kəndinə isə 1 ailə (1 nəfər) qayıdıb. Xocalı rayonuna ümumilikdə 21 ailə olmaqla 72 nəfər, Ağdərə rayonuna isə 28 ailə olmaqla 98 nəfər köçürülüb.
Beləliklə, bu gün hər iki rayon üzrə ümumilikdə 49 ailənin, 170 nəfərin doğma torpaqlarına qayıdışı təmin edilib.
Qeyd edək ki, köçürülən sakinlər üçün evlər dövlət tərəfindən yenidən bərpa olunub və yaşayış üçün zəruri şərait yaradılıb. Mənzillər elektrik enerjisi, qaz və su xətləri ilə təmin edilib, kəndlərdə müasir infrastruktur qurulub, o cümlədən yüksək sürətli internet xidmətinin istifadəyə verilməsi təmin olunub. Açarların təqdim edilməsi və qarşılanma mərasimində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.
Doğma yurdlarına qayıdan sakinlər üçün yaradılan şərait, Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlanmasının və dayanıqlı məskunlaşmanın təmin edilməsinin mühüm göstəricisidir
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





