
İtaliya Qran-prisinin qalibi Rikkiardo olub – FOTO
Formula 1 üzrə dünya çempionatının 14-cü mərhələsi, İtaliya Qran-prisini “McLaren” komandasının pilotu Daniel Rikkiardo qazanıb.
GAZETTE xəbər verir ki, Monza trasında yarışa ikinci pillədən start verən avstraliyalı pilot 3 il aradan sonra yenidən podiumun ən yüksək pilləsinə qalxmağı bacarıb.
Qeyd edək ki, aktivində 8 qran-pri çempionluğu olan Daniel Rikkiardo sonuncu dəfə 2018-ci ildə “Red Bull” komandasında çıxış edən zaman Monakoda qələbə qazanmışdı.
İtaliya QP-ni ikinci sırada “McLaren”in digər pilotu Lando Norris tamamlayıb. Bundan öncə digər QP-lərdə yarışı 3 və 4-cü pillələrdə bitirməyə nail olan britaniyalı pilot ilk dəfə olaraq ikinci pilləyə yüksələ bilib.
Yarışa cəza səbəbindən 19-cu sıradan start verən “Mercedes” komandasında son mövsümünü keçirən Valtteri Bottas rəqiblərini arxada qoyaraq podiumda 3-cü pilləyə qalxamağa müvəffəq olub.
Sonucu dəfə 2012-ci ildə Braziliya Qran-prisində Censon Battonun sayəsində qalib olan “McLaren” komandası 9 il aradan sonra yenidən eyni nəticəyə imza atıb.

İtaliya Qran-prisində ən yadda qalan hadisələrdən biri çempionluğa iddialı Maks Vertsapenlə (“Red Bull”) Luis Həmiltonun (“Mercedes”) toqquşması olub. Yarış sonrası iclas keçirən stüardların verdikləri qərara əsasən, Verstappen növbəti qran-pri yarışına 3 yer itirməklə başlamalı olacaq.




ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





