
BIAF-2006 festivalının gözəl ab-havası var
Bu səfəri səbirsizliklə gözləyirdik. Azərbaycan inanılmaz dərəcədə gözəl ölkədir. Mən əvvəllər burada heç vaxt olmamışdım. Amma gəldiyim andan şəhərdə gəzmək şansım oldu və onun nə qədər gözəl olduğunu anladım. Ölkənizin möhtəşəm tarixi, mədəniyyəti, inanılmaz mətbəxi var və insanları çox qonaqpərvərdirlər.
Bu barədə 2026-cı il Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) çərçivəsində təqdim olunan “Masters in Motion: Forsythe/Pite” tamaşasından əvvəl jurnalistlərə verdiyi müsahibədə İngiltərə Milli Baletinin bədii rəhbəri Aaron S. Uotkin bildirib.
“BIAF-da nə təqdim etmək istədiyimizi və Azərbaycan tamaşaçılarına ən uyğun olanı müzakirə etdik. Bizim üçün təkcə ənənələrə hörmət etmək deyil, həm də yeni bir şey yaratmaq və incəsənəti inkişaf etdirmək vacibdir. Bu proqram innovativ yanaşmanın gözəl nümunəsidir. Burada iki görkəmli və beynəlxalq səviyyədə tanınmış xoreoqraf - Kristal Payt və Uilyam Forsayt iştirak edir. Bundan əlavə, bu, əvvəllər həmin xoreoqrafların işi ilə tanış olmaq və onların rəqslərini bizimlə birlikdə görmək imkanı olmayan tamaşaçılar üçün gözəl fürsətdir. Bizim üçün əsas məsələ Britaniya baletinin və İngilis Milli Baletinin ən yaxşı nümunələrini sizinlə bölüşməkdir”, - deyə müsahibimiz qeyd edib.
AZƏRTAC-ın müxbirinin sualını cavablandıran A.S. Uotkin festivalın ab-havasını gözəl hesab etdiyini vurğulayıb.
“Burada belə beynəlxalq mədəni mübadilənin baş verməsi, festivala gələn digər qruplarla görüşmək və qarşılıqlı əlaqədə olmaq çox sevindiricidir. Dünyanın hər yerindən tanınmış qruplarla səhnəni bölüşmək çox gözəldir”, - deyə bədii rəhbər əlavə edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





