
Bəzi ölkələr 3 günlük ərzaq ehtiyatı yığmağa çağırır - Məqsəd nədir?
ABŞ, Kanada, Yaponiya, Avropanın 17 dövlətinin də yer aldığı 33 ölkənin hökuməti vətəndaşlara fövqəladə hallar üçün hazırlıq görməyi, evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamağı tövsiyə edib. Amma heç bir rəsmi açıqlamada bunun səbəbi izah olunmayıb. Bu da hərbi münaqişələr, təbii fəlakətlər, kiberhücumlar və s. risklərin yaranması ilə bağlı narahatlıqlar doğurub.
Bəs bunun əsl səbəbi nə ola bilər?
İqtisadçı ekspert Razi Abasbəyli məsələni Ölkə.az-a şərh edib.
O bildirib ki, əslində Avropa İttifaqı 2025-ci ilin mart ayında strateji proqram hazırlayıb və həmin proqramda əhalinin 72 saat dövlət yardımına ehtiyacı olmadan yaşaya bilməsi üçün hazırlıq görülməsi nəzərdə tutulub:
“2025-ci ilin mart ayında qəbul edilmiş bu strateji planın əsas səbəbi kimi Rusiya-Ukrayna müharibəsi göstərilirdi və Avropa ilə Rusiya arasında artan hərbi-siyasi gərginlik, kiber hücumlar, pandemiya və eyni zamanda iqlim fəlakətləri də risklər arasına daxil edilirdi. Burada 72 saatlıq ehtiyat yığma çağırışı konkret hücumun və yaxud da fəlakətin üç gün ərzində baş verəcəyi barədə xəbərdarlıq deyil. Burada məqsəd sadəcə olaraq dövlət qurumlarının vaxt qazanması üçün nəzərdə tutulur. Yəni mümkün risklər yarandığı təqdirdə vətəndaşlar öz ehtiyatları ilə 72 saat dolana bilirlərsə, bundan sonra dövlət artıq xilasetmə tədbirlərini həyata keçirməyə, humanitar yardımların formalaşmasına və digər bu kimi dəstək proqramlarının icra edilməsinə başlayır”.
“Azərbaycan üçün belə bir təhlükə varmı?” sualına gəlincə isə ekspert deyib ki, ölkəmizin vəziyyəti bir az fərqlidir: “Bizim coğrafi mövqeyimiz, qonşuluq münasibətlərimiz və sair təhlükəsizlik risklərimiz fərqlidir. Burada ən ciddi məsələ Cənubi Qafqazda hərbi-siyasi vəziyyətin kəskinləşməsi ehtimalıdır. Belə olan təqdirdə enerji resurslarına, neft və qaz infrastrukturuna, hər hansı mümkün hücumlar ola, ən vacibi kiber hücumlar - bank, internet, mobil rabitə, dövlət informasiya sistemlərinin fəaliyyətində müəyyən bir fasilələr yarana bilər. Eləcə də, təbii fəlakətlər, yaxud da logistika böhranı ola bilər. Bütün dünyada olduğu kimi Azərbaycanda da mülki müdafiə haqqında qanun var və fövqəladə hallarda əhalinin qorunması üçün ehtiyatların yaradılmasını, vətəndaşların hazırlığını dövlət vəzifəsi kimi müəyyən edib. “Mülki müdafiə haqqında” qanunun konkret müddəaları var və həmin müddəalarda baş verə biləcək hər hansı bir fəlakət anında dövlət qanununun icrasına başlanılır”.
R.Abasbəyli düşünür ki, Azərbaycanda yaşayan ailələrin də evdə 72 saatlıq zəruri ehtiyat saxlaması yaxşı olardı: “Bununla bağlı olaraq hətta Fövqəladə Hallar Nazirliyinin saytında bir ailənin fövqəladə hallarda hazırlıq planı və ehtiyat çantası ilə bağlı tövsiyələr də var. Orada içməli su, üç günə kifayət edəcək saxlanması mümkün olan ərzaqlar, dərmanlar, ilkin tibbi yardım, fənər, ehtiyat batareyalar kimi məhsul tövsiyələri var. Eyni zamanda bank kartlarının işləmədiyi hallar üçün nağd pul, telefon nömrələrinin kağız üzərində siyahısı, şəxsiyyət vəsiqəsi, vacib sənədlərin sürətləri, radio və ehtiyat enerji mənbələri, gigiyena və sair vasitələr qeyd olunur ki, bu çantanın Azərbaycan vətəndaşlarında daim hazır olması məqsədəuyğundur. Yəni ehtimal oluna bilən fəlakət anında vətəndaşlar bir neçə gün öz ehtiyatları ilə keçinə bilsin və daha sonra artıq mülki müdafiə haqqında qanunun tələblərinə uyğun olaraq dövlət xilasetmə, yardım və bu kimi vəzifələri öz üzərinə götürür”.
Ekspertin sözlərinə görə, burada Azərbaycanın təhlükəsizlik vəziyyətinə xüsusilə diqqət etmək lazımdır: “ABŞ Dövlət Departamentinin 2026-cı il fevralın 28-də “Azərbaycana səyahət xəbərdarlığı” var idi və burada ABŞ-İran hərbi əməliyyatlarının başlanmasından sonra bir narahatlıq mövcud idi. Regionda digər bu kimi hallar baş verərsə, bununla bağlı Azərbaycan vətəndaşları üçün də tövsiyələr mövcuddur. Yekun olaraq belə bir qənaətə gələ bilər ki, faktiki vəziyyət üçün Cənubi Qafqazda ciddi panikaya əsas yoxdur. Amma bununla belə ailələrin üç günlük su, ərzaq və zəruri ehtiyat saxlamasında fayda var. Yəni bu, hər hansı bir şəkildə zərərli deyil.
Belə olan təqdirdə hesab edirəm ki, bütün dünya dövlətlərində olduğu kimi Azərbaycanda da vətəndaşların hazırlıqlı olması pis olmazdı. Amma bu, təhlükəli vəziyyət demək deyil. Çünki mövcud Ukrayna-Rusiya savaşından dolayı Avropa İttifaqı ölkələrinin sərhədlərindəki hazırlıqlar, Rusiya ilə mümkün qarşıdurma, toqquşma ehtimalları Avropa üçün müəyyən təhdidlər formalaşdırır. Düşünürəm ki, məhz ona görə, ehtimal olunan hücumlarla bağlı Avropa ölkələri hazırlıqlara başlayırlar. Bizim regionda isə elə bir təhlükəli vəziyyət yoxdur. Yenə də tövsiyə xarakterli ehtiyatın formalaşdırılması, ehtiyat çantasının yaradılması pis olmazdı. Bütün hallarda bu, hər hansı bir təşvişdən doğan çağırış kimi qəbul edilməməlidir. Lakin dövlət rəsmi olaraq bu tövsiyələri irəli sürürsə, hesab edirəm ki, buna Azərbaycan vətəndaşları da müəyyən mənada hazır olmalıdırlar. Burada təbii fəlakətlər, mümkün kiber hücumlar da ola bilər, söhbət yalnız hərbi qarşıdurmadan getmir. Bu baxımdan, rəsmi tövsiyələrin yerinə yetirilməsi vətəndaşlarımızın xeyrinə olar”.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





