
Probasiya nəzarətində olan şəxslərin cəmiyyətə reinteqrasiyası ilə bağlı seminar keçirilib
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib.
Tədbir iki qurum arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində təşkil edilib.
Tədbirdə hər iki qurumun rəhbər şəxsləri və əməkdaşları, Sosial Xidmətlər Agentliyinin və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri, mediatorlar, sosial işçilər, psixoloqlar və tələbələr iştirak ediblər.
Seminarda ölkəmizdə probasiya sahəsində aparılan islahatlar, probasiya fəaliyyətində çoxsahəli yanaşmanın tətbiqi, o cümlədən probasiya nəzarətində olan şəxslərin sosial müdafiəsi və məşğulluq imkanlarının genişləndirilməsi, zərərçəkmişlə məhkum arasında mediasiya üzrə görülən tədbirlər barədə məlumat verilib.
Tədbirdə Probasiya xidmətinin və Sosial Xidmətlər Agentliyinin nümayəndələri, eləcə də universitetin professor-müəllim heyəti probasiya fəaliyyətinin praktiki aspektləri barədə çıxış ediblər. Probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji vəziyyətinin yaxşılaşdırılması, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi və bu tədbirlərin yeni cinayət törətmə riskinin azaldılmasında rolu diqqətə çatdırılıb. Bu prosesə könüllülərin cəlb edilməsinin təşviqi və tələbələrin Probasiya xidmətində təcrübə keçmələrinin təşkili məsələləri vurğulanıb.
Tədbir çərçivəsində, həmçinin Probasiya xidmətinin rəisi Vüqar Ağayevlə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva arasında görüş keçirilib. Görüşdə probasiya sahəsində elmi-praktiki əməkdaşlığın genişləndirilməsi, tələbələrin bu istiqamətdə bilik və bacarıqlarının artırılması, probasiya sahəsində beynəlxalq ekspertlərin və alimlərin cəlb edilməsi ilə birgə maarifləndirici tədbirlərin, konfransların təşkili və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





