
Müharibədən sülhə keçid: Azərbaycanın təcrübəsi və beynəlxalq hüququn əhəmiyyəti
Beynəlxalq münasibətlər sistemində münaqişələrin həlli və davamlı sülhün təmin olunması bu gün də ən aktual məsələlər sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın münaqişədən sonrakı mərhələyə dair mövqeyini və sülhə yanaşmasını əks etdirir. Dövlət başçısı uzun illər davam edən danışıqların nəticəsiz qalmasının Azərbaycan üçün ciddi siyasi və humanitar problemlər yaratdığını vurğulayıb.
İşğalın davam etməsi ərazi bütövlüyünün pozulması ilə yanaşı, insanların fundamental hüquqlarına və təhlükəsizliyinə də mənfi təsir göstərmişdi. Ölkə başçısının nitqində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin uzun müddət icra olunmaması beynəlxalq hüququn tətbiqi ilə bağlı mühüm problem kimi təqdim edilir. Bu vəziyyət beynəlxalq təşkilatların qərarlarının yalnız qəbul edilməsi ilə kifayətlənməyin mümkün olmadığını göstərir. Həmin qərarların həyata keçirilməsini təmin edən səmərəli mexanizmlərin yaradılması beynəlxalq sistemin etibarlılığı baxımından vacibdir. Azərbaycan öz ərazi bütövlüyünün bərpasını beynəlxalq hüquqda nəzərdə tutulan hüquqlara əsaslandıraraq ölkənin suverenliyini təmin etməyə nail olduğunu bildirir.
Möhtərəm Prezidentin mövqeyinə görə, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı işğala son qoyulması prosesində həlledici mərhələlər olub. Bu hadisələrdən sonra sülh gündəliyinin irəli sürülməsi Azərbaycanın münaqişənin davam etdirilməsində maraqlı olmadığını göstərən siyasi mesaj kimi təqdim edilir. Dövlət başçısının müharibəyə başlamaqla onu bitirmək arasındakı fərqə dair fikirləri müasir beynəlxalq münasibətlər üçün mühüm məna daşıyır. Silahlı qarşıdurmanın dayandırılması yalnız hərbi nəticələrlə deyil, siyasi qərarlar və qarşılıqlı öhdəliklərlə də bağlıdır. Münaqişədən sonra qisasçılıq siyasətindən uzaqlaşmaq və sülh imkanlarını dəyərləndirmək uzunmüddətli sabitliyin formalaşmasına şərait yarada bilər. Azərbaycan-Ermənistan münasibətlərində sülh sazişi istiqamətində atılan addımlar Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətlidir.
Bununla belə, davamlı sülhün təmin olunması üçün siyasi bəyanatlarla yanaşı, əldə edilmiş razılaşmaların həyata keçirilməsi də vacibdir. Tərəflərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq öhdəliklərinə hörmət göstərilməsi münasibətlərin normallaşmasının əsas şərtlərindəndir. Regionda etimadın möhkəmlənməsi nəqliyyat əlaqələrinin inkişafına, iqtisadi əməkdaşlığa və humanitar münasibətlərin genişlənməsinə də müsbət təsir göstərə bilər. Beynəlxalq ictimaiyyətin yanaşması münaqişənin bütün tərəfləri üçün eyni hüquqi prinsiplərə əsaslanmalı və seçici münasibətdən uzaq olmalıdır. Azərbaycanın təcrübəsi göstərir ki, münaqişələrin həllində siyasi iradə, beynəlxalq hüquq və sülhə yönəlmiş konkret addımlar bir-birini tamamlamalıdır.
Regionda gələcək sabitliyin möhkəmləndirilməsi üçün keçmişin ağrılı təcrübəsindən nəticə çıxarmaq və yeni qarşıdurmaların qarşısını almaq vacibdir. Beləliklə, münaqişədən sülhə keçid Azərbaycanın regional siyasətinin mühüm istiqaməti olmaqla yanaşı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün də əhəmiyyətli imkanlar yaradır.
Rəmziyyə Abbasova
Neftçala rayonu
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





