
“Mehmet Zileli Advanced Spine Course 2025” adlı tədbir keçirilib
TƏBİB-in dəstəyi, Azərbaycan Neyrocərrahlar Assosiasiyasının və Yeni Klinikanın təşkilatçılığı, eləcə də “Middle East Spine Society”, “International Spine Society” və “World Federation of Neurosurgical Societies” kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə Bakıda beynəlxalq “Mehmet Zileli Advanced Spine Course 2025” adlı tədbir baş tutub.
Gazette.az xəbər verir ki, onurğa cərrahiyyəsinin müasir yanaşmalarına həsr olunmuş tədbirdə Yeni Klinikanın direktoru Barat Yusubov, TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov, Azərbaycan Neyrocərrahlar Assosiasiyasının sədri Rövşən Xəlilzadə, Türkiyədən dəvət olunmuş tanınmış neyrocərrah, professor Mehmet Zileli, həmçinin dünyanın müxtəlif ölkələrindən gəlmiş mütəxəssislər iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən R.Xəlilzadə Mehmet Zilelinin dünya neyrocərrahiyyəsində xüsusi yeri olan alimlərdən biri olduğunu qeyd edib. O, onun rəhbərliyi ilə keçirilən bu kursun iştirakçılar üçün elmi və praktiki biliklərin birləşdiyi nadir platforma rolunu oynadığını vurğulayıb. Assosiasiya sədri tədbirin təşkilinə dəstək göstərən TƏBİB rəhbərliyinə, Yeni Klinikaya və beynəlxalq tərəfdaşlara təşəkkürünü ifadə edib.
Onurğa xəstəliklərinin dünya miqyasında artan səhiyyə problemlərindən biri olduğunu deyən B.Yusubov uğurlu əməliyyat üçün həkim peşəkarlığı ilə yanaşı innovativ texnologiyaların və reabilitasiya prosesinin də mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, son illərdə minimal invaziv və robotik cərrahiyyənin inkişafı, eləcə də fərdiləşdirilmiş implantların tətbiqi onurğa əməliyyatlarının dəqiqliyini və pasiyentlərin bərpa prosesinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır.
Tədbirdə neyrocərrahiyyə və onurğa cərrahiyyəsinin inkişafı üçün mühüm platforma olduğunu qeyd edən P.Əkbərov isə TƏBİB-in rəhbərliyi altında səhiyyə sisteminin modernləşdirilməsi istiqamətində genişmiqyaslı islahatların həyata keçirildiyini vurğulayıb. O, Yeni Klinikada fəaliyyət göstərən multidisiplinar Yeni Robotik Reabilitasiya Mərkəzi və Neyrotravma bölməsində onurğa travmaları və beyin zədələnmələri sonrası erkən bərpa proqramlarının uğurla tətbiq olunduğunu diqqətə çatdırıb.
İki gün davam edən təlim zamanı iştirakçılar professor Mehmet Zileli və digər beynəlxalq ekspertlərin təqdimatlarını dinləyib, praktiki məşğələlərdə iştirak ediblər. Kurs çərçivəsində onurğa patologiyalarının cərrahi müalicəsi, minimal invaziv üsullar və əməliyyat zamanı təhlükəsizliyin artırılması kimi aktual mövzular müzakirə olunub.
Sonda beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində gələcəkdə də neyrocərrahiyyə sahəsində bilik, təcrübə mübadiləsini təşviq edən yüksək səviyyəli elmi və tədris tədbirlərinin təşkilinin davam etdiriləcəyi vurğulanıb.














ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





