BAKU Azərbaycan
15.03 °C

"Tufli-mufli” mahnısı ilə məşhurlaşan azərbaycanlı müğənni Malaxovun qonağı oldu

Sosial şəbəkələrdə "Tufli-mufli" mahnısı ilə məşhurlaşan azərbaycanlı müğənni Sakit Səmədov "Rossiya 1" telekanalında yayımlanan Andrey Malaxovun "Salam, Andrey!" verilişinin qonağı olub.

Gazetteaz bizim.media-ya istinadən xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.

"Salam Andrey!" Rusiyanın əsas şənbə şousudur. Növbəti müzakirə mövzusu sevgi haqqında mahnılar olub. Sakit Səmədov bu verilişə dəvət olunub. Müğənni Azərbaycanın Qusar rayonunda anadan olub, məktəbdə təhsil aldıqdan sonra Dağıstana, oradan isə bu gün yaşadığı Tula şəhərinə köçüb.

Andrey Malaxov efirdə S.Səmədov haqqında danışarkən bunları qeyd edib: "Diskoteka rəqqasıdır və çox çılğındır".

Rusiyalı müğənni və bəstəkar Aleksandr Marçinkeviç isə Azərbaycandan olan ifaçını əsl musiqiçi adlandırıb.

Şou zamanı qatarda çəkilən kadrlar göstərilib. Görüntülərdə S.Səmədov Moskvaya gedir, sintezatorda sərnişinlər üçün konsert təşkil edir.

Sakit Səmədov uzun müddət təkər sexində işlədiyini, boş vaxtlarında mahnılar bəstələyərək lentə yazdırdığını deyib:

"Bütün mahnıları Azərbaycanda yaşayan anama həsr edirəm. Hər həftə onun yanına gedib mahnı oxuyuram".

İfaçı, həmçinin İnstagram sosial şəbəkəsində paylaşdığı "Tufli-mufli" mahnısının ona nəinki populyarlıq, həm də çoxlu sayda abunəçi gətirdiyini bildirib.

"Privet, Andrey"in efirində S.Səmədov "Tuk-tuk", "Tufli-mufli" mahnılarını oxuyub, sintezatorda hind melodiyasını ifa edib və belə musiqinin böyük həvəskarı olduğunu vurğulayıb.

Qeyd edək ki, sənətçinin "Youtube" kanalına 1,57 milyondan çox insan abunə olub, onun mahnı və kliplərinə milyonlarla baxış var.