BAKU Azərbaycan
9.03 °C

Belçika QP-də Verstappen birinci, Rassel ikinci oldu – Təsnifat mərhələsi

Uzun fasilədən sonra Formula 1 üzrə dünya çempionatı Belçika Qran-prisi ilə start götürüb.

GAZETTE xəbər verir ki, Qran-prinin təsnifat mərhələsinin qalibi Maks Verstappen olub. Güclü yağış altında keçirilən sıralanma turunda “Red Bull” komandasının niderlandlı sürücüsü hamıdan sürətli nəticə göstərib.

“Mclaren”in pilotu Lando Norrisin qəza keçirməsi səbəbindən 40 dəqiqə ara verilən təsnifat mərhələsində ikinci pilləni sürpriz şəkildə “Williams” komandasından Corc Rassel əldə edib.

Bu gün keçiriləcək yarışa son dünya çempionu və hazırda turnir cədvəlinə başçılıq edən “Mercedes” pilotu Lyuis Həmilton 3-cü sıradan başlayacaq.

Qeyd edək ki, bolidinin sürüşərək qoruyucu baryerlərə çırpılması nəticəsində xəsarət alan Lando Norrisin müayinələri normal keçib və bu səbəbdən stüardlar tərəfindən yarışda iştirakına icazə verilib.

Onu da qeyd edək ki, Formula 1 rəhbərliyi keçirdikləri iclasın sonunda 2021-ci ilin təqvimini təsdiq ediblər. Qərara əsasən, bu il dünya çempionatında 22 Qran-pri təşkil olunacaq. Yeni təsdiq edilmiş təqvimdə 19-21 noyabr tarixi boş saxlanılsa da həmin yarışın ərəb ölkələrindən birində keçiriləcəyi ehtimal olunur. İstanbulda baş tutacaq Qran-pri yarışı isə oktyabrın 3-dən 10-a keçirilib.