BAKU Azərbaycan
11.03 °C

Şahmatçılarımız VI turda 3 qələbə qazanıblar – Avropa çempionatı

Avqustun 14-də Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının 6-cı turunun oyunları keçirilib.

Gazette.az xəbər verir ki, 6-cı turda şahmatçılarımızdan Ülviyyə Fətəliyeva rusiyalı Viktoriya Çernyak, Nəsrin Babayeva avstriyalı Annika Froevis, Ayan Allahverdiyeva rumıniyalı Liya Mariya üzərində qələbə qazanıblar.

Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadənin turnir cədvəlinin liderlərindən olan ukraynalı Yuliya Osmak, Gülnar Məmmədovanın rusiyalı Anastasiya Bondarok, Xanım Balacayevanın macarıstanlı Tranq Xoanq ilə qarşılaşmaları heç-heçə ilə başa çatıb.

Gövhər Beydullayeva polşalı Yolanta Zavadskaya, Zeynəb Məmmədyarova yunanıstanlı Stavrula Tsolakiduya, Xəyalə Abdulla Rusiya şahmatçısı Yuliya Qriqoryevaya, Türkan Məmmədyarova sloveniyalı Zala Urxaya uduzublar.

Altı turdan sonra G.Məmmədzadə 5 xalla liderlər qrupunda yer alıb. G.Məmmədova, X.Balacayeva 4, G.Beydullayeva, Ü.Fətəliyeva 3,5, Zeynəb Məmmədyarova, N.Babayeva 3, X.Abdulla, T.Məmmədyarova 2,5, A.Allahverdiyeva 2 xal toplayıblar.

Qeyd edək ki, ümumi fondu 60 min olan qitə birinciliyi avqustun 21-dək davam edəcək.