BAKU Azərbaycan
17.03 °C

Sahibə Qafarova İran parlamentinin sədri ilə görüşüb – FOTO

İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova avqustun 6-da İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Gazette.az-a verilən məlumata görə, MM-in sədrini və Azərbaycan nümayəndə heyətini salamlayan İran parlamentinin spikeri dost və qonşu ölkənin nümayəndə heyətini Tehranda görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, İranla Azərbaycan mühüm coğrafi, tarixi, mədəni və dini ortaq dəyərlərlə bir-birinə bağlı ölkələrdir. İranda Azərbaycanı çox sevirlər və orada gedən prosesləri yaxından izləyirlər.

Söhbət zamanı Milli Məclisin sədri bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. İndi Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa dövrü başlayıb. Spiker Sahibə Qafarova deyib ki, Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıtmış, infrastrukturu tamamilə məhv edib. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir etmişdir.

Münaqişə başa çatsa da, bir sıra problemlər hələ də qalmaqdadır. Belə ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı və Vətən müharibəsində azad etdiyimiz torpaqlarımızda minalanmış ərazilərin xəritələrini  verməkdən imtina edir, bununla da hərbi cinayət törətməkdə davam edir. Beləliklə, onlar məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıtmasına mane olmaq istəyir, sərhədlərin delimitasiyası məsələsində təxribatlara əl atırlar.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, gələn il – 2022-ci ilin fevral ayının 26-da Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq. Bu cür insanlıq əleyhinə törədilmiş cinayətlərə hüquqi-siyasi qiymətin beynəlxalq səviyyədə də verilməsi çox vacibdir. Spiker xatırladıb ki, bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb. Bunu nəzərə alaraq, İran parlamentinin Xocalı soyqırımı ilə bağlı sənəd qəbul etməsi bəşəriyyəti gələcəkdə buna bənzər hadisələrlə üzləşməkdən qoruya bilər.

Görüşün sonunda hər iki ölkənin spikerləri bir-birilərini qarşılıqlı rəsmi səfərlərə dəvət ediblər.

Milli