BAKU Azərbaycan
14.03 °C

Bakıda TDƏŞ-ə üzv dövlətlərin iqtisadiyyat nazirilərinin görüşü keçirilib

Sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib.

GAZETTE xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstan  nümayəndələrinin iştirak etdiyi TDƏŞ dövlətlərinin iqtisadiyyat nazirlərinin 10-cu görüşünü açan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin TDƏŞ-in iqtisadiyyat nazirlərinin 10-cu iclasına ev sahibliyi etməsindən məmnunluğunu bildirib, türkdilli dövlətlərin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayaraq, milli və regional iqtisadiyyatın dəstəklənməsi istiqamətində tərəfdaşlığın və iqtisadi əlaqələrin daha da möhkəmləndirməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd edilib ki, Azərbaycanda Türk Şurasına üzv ölkələrlə ticarət, investisiya əməkdaşlığı, iş adamları arasında əlaqələrə böyük önəm verilir. Azərbaycanın TDƏŞ-ə üzv ölkələr və Macarıstanla ticarət dövriyyəsinin həcmi 2,6 mlrd. dollar olmaqla ölkəmizin xarici ticarət dövriyyəsindəki payı təxminən 15% təşkil edir. Təqdirəlayiq haldır ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2021-ci ilin yanvar-iyul aylarında Türk Şurasının üzv dövlətləri və Macarıstana qeyri-neft ixracı 75% artıb.

Ölkələrarası iqtisadi tərəfdaşlığın gücləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşən iqtisadiyyat naziri qlobal iqtisadiyyatın yenidən artım dönəminə keçməsi üçün beynəlxalq əməkdaşlığın, investisiyalar, bilik və texnologiya mübadiləsinin, ticarət əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.  Görüşdə Türk Şurasına üzv ölkələr arasında ticarət və investisiya əlaqələrinə dair tədqiqat sənədinin, Azərbaycanın dəstəyi ilə “Türk Ticarət Evi”nin konsepsiyasının hazırlandığı, Türk Ticarət və Sənaye Palatasının fəaliyyətinin təşviqi, Türk İnvestisiya Fondunun yaradılması istiqamətində mühüm irəliləyişlər əldə olunduğu diqqətə çatdırılıb.

Görüşdə TDƏŞ-ə üzv ölkələrin dövlət başçılarının iştirakı ilə keçiriləcək Zirvə toplantısının iqtisadi gündəliyi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsinə dair imkanların araşdırılması barədə müzakirələr aparılıb.

Tədbir çərçivəsində TDƏŞ-ə üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd təşkilat daxilində ümumi rəqəmsal platformanın yaradılmasına töhfə verəcək, zonaların strateji inkişafı üçün məlumatların mübadiləsi və məsləhətləşmələrin aparılması imkanlarını yaratmaqla, xarici investisiyaların cəlb edilməsi istiqamətində uğurlu iqtisadi model tətbiq etməyə şərait yaradacaq.