BAKU Azərbaycan
15.03 °C

Yanvar-iyul ayları ərzində ölkədə qaz hasilatı artıb

Cari ilin yanvar-iyul aylarında ölkədə 24,1 milyard kub metr qaz hasil edilib.

Energetika Nazirliyindən GAZETTE-yə verilən məlumata görə, qazın 7,5 milyard kub metri “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından, 12 milyard kub metri “Şahdəniz”dən yatağından, 4,6 milyard kub metri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 7,8 faiz, yəni 1,7 milyard kub metr artımla qaz hasil edilib. 

Hesabat dövründə xaricə qaz satışı təxminən 10,4 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 milyard kub metr, Avropaya təqribən 4 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə “Bakı-Tbilisi-Ceyhan” (BTC) boru kəməri sisteminə 58,4 milyon kub metr qaz verilib.

Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kub metrdən çox qaz nəql olunub. 

Yataqlar istismara veriləndən cari ilin 01 avqust tarixinədək AGÇ-dən 184 milyard kub metrdən çox, “Şahdəniz”dən isə 147 milyard kub metrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 100 milyard kub metrdən çoxu ixraca nəql edilib.