BAKU Azərbaycan
23.03 °C

Azərbaycan minifutbol yığmasının Avropa çempionluğu konsertlə qeyd olunacaq

Minifutbol üzrə Azərbaycan milli komandasının Slovakiyanın Koşitse şəhərindəki Avropa çempionatında kubok qazanması münasibətilə konsert proqramı təşkil olunacaq.

Gazette.az xəbər verir ki, iyunun 15-də Bakı bulvarının ərazisində (Zəfər parkı ilə üzbəüz) keçiriləcək tədbir saat 19.00-da başlanacaq.

Konsertin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol Federasiyası, “Azfar Group”, “Zirə” Peşəkar Futbol Klubu, sponsor isə “Nar Mobile” şirkətidir.

Konsert proqramında rəsmi şəxslər və minifutbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev çıxış edəcək, xüsusi avtobusla kubok tamaşaçılara təqdim olunacaq, müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif və Səmra mahnılar səsləndirəcəklər.

Futbol azərkeşləri və şəhər sakinlərini konsert proqramına dəvətlidir.

Qeyd edək ki, Azərbaycan yığması tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 qalib gələrək qızıl medalların sahibi olub.