BAKU Azərbaycan
17.03 °C

"Qarabağ"ın hücumçusu: "Ukraynadakı dostlarım çempion olduğum üçün şaddır"

"Ukraynadakı dostlarımla daim əlaqədəyəm. Onlar “Qarabağ”la çempion olduğuma görə şaddırlar, məni dəstəkləyirlər".

Bunu açıqlamasında "Qarabağ"ın futbolçusu Rüstəm Əhmədzadə "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra deyib.

22 yaşlı hücumçu Ukraynadakı tanışlarına görə narahat olduğunu söyləyib: "Çünki orada futbol oynanılmır. Yanılmıramsa, müharibə üç aydır davam edir. Hər gün bu fikirlə yaşayıram və müharibənin nə vaxt bitəcəyini fikirləşirik".

Forvard karyerasında ilk dəfə çempionluq sevinci yaşadığını bildirib: "Bunun üçün çox şadam, emosiyalarım yüksəkdir. Özümü möhtəşəm hiss edirəm. Komandanın əziyyətinin bəhrəsi olaraq çempionluğu qazanması xoş haldır".

İlin əvvəlində Ağdam təmsilçisinə transfer olunan Əhmədzadə "köhlən atlar"da az oynamasının səbəblərini də açıqlayıb: "Bunun bir çox səbəbləri var. Həm Ukrayna ilə Rusiya arasındakı müharibənin, həm xəstələnməyimin və zədələnməyimin təsiri oldu. Məşqçilər korpusu hər şeyi düzgün qiymətləndirir və doğru qərarı verir. Mənim işim üzərimdə daha çox çalışmaqdır. İnanıram ki, özümü yaxşı tərəfdən göstərsəm, daha çox oyun vaxtı əldə edərəm".

 

 

report