BAKU Azərbaycan
24.03 °C

Elmar Baxşıyev: "Səbail"in futbolçuları burada məşq edirlərsə, qəhrəmandırlar"

“Zəfər Günümüz mübarək olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bizi ağır oyun gözlədiyini bilirdik. Çünki “Səbail” evdə məzmunlu oyun nümayiş etdirən əzmkar komandadır. Futbolçuları həftə ərzində ağır matça hazırlayırdıq. Xarakter göstərdilər və layiqli qələbə qazandılar”.

 

Məlumata görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis “ASCO Arena”da oynamağın ciddi fəsadlar törədyini bildirib: “Ötən il bu meydanda çıxış edəndə matçdan sonra 2-3 futbolçumuzda sıxıntı yaşanmışdı. Meydançanın durumu getdikcə daha bərbad hala gəlir. Belə meydançada futbol oynamaq çox risklidir. Düşünürəm ki, “Səbail”in futbolçuları belə arenada məşq edirlərsə, qəhrəmandırlar. Belə yerdə oynamağa icazə verirlərsə, əgər Qəbələdə qar yağsa, ev oyunlarımızı Hacıalıda olan meydançamızda da keçirə bilərik. Hər bir rəqib zədə ala bilər, hər şey ola bilər. Bir az futbolçuları da düşünək. Kənardan hər şey yaxşı görünə bilər. Ancaq əziyyət çəkən oyunçulardır”.

Baxşıyev qarşılaşmanın 88-ci dəqiqəsində hesabı açan 19 yaşlı yarımmüdafiəçi Emil Səfərovun parlaq gələcəyinin olduğunu düşünür: “Emil artıq bir ildir bizimlədir. Amma cavanlar hazır olsa belə, meydançada daim yer almağı özləri qazanmalıdırlar. Emil yaydan bəri bizə yaxşı siqnallar verirdi. Məncə, onun timsalında gələcəkdə Azərbaycan futboluna yaxşı futbolçu bəxş edə bilərik”.