BAKU Azərbaycan
17.03 °C

Dürsədəf Kərimova qızıl, İlham Zəkiyev bürünc medal qazandı – “Tokio-2020”

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirak edən daha iki idmançımız bu gün medal əldə ediblər.

GAZETTE xəbər verir ki, +70 kq çəki dərəcəsində mübarizə aparan qadın paracüdoçumuz Dürsədəf Kərimova final qarşılaşmasında Qazaxıstandan olan Zarina Baybatina üzərində qələbə qazanaraq Paralimpiya Oyunlarının qızıl medalına sahib olub. 

Yaponiyada ölkəmizi təmsil edən daha bir paracüdoçumuz İlham Zəkiyev də Azərbaycan yığmasının aktivinə medal yazdırmağı bacarıb.

+100 kq çəki dərəcəsində güləşən paralimpiyaçımız bürünc medal uğrunda mübarizədə görüşməli olduğu özbəkistanlı rəqibi Şirin Şaripov əvvəlki görüşdə qadağan olunmuş fənd işlətdiyi üçün yarışdan kənarlaşdırılıb və idmançımız texniki qələbə qazanaraq “Tokio-2020”-ni üçüncü pillədə başa vurub.

Qeyd edək ki, bu nəticələrdən sonra Azərbaycan yığmasının aktivindəki medalların sayı 12-yə yüksəlib ki, onlardan da 9-cu qızıl, 3-ü isə bürüncdür. Hazırda medal əyarına və sayına görə ölkəmiz ilk onluqda qərarlaşıb.